5 dekabr 1995-ci il Naxçıvandan Bakıya uçan “Tu-134” təyyarəsi havaya qalxandan bir neçə dəqiqə sonra qəzaya uğrayır.
Newscenter.az xatırladır ki, hələ noyabrın 20-də təyyarənin heyəti jurnalda belə bir qeyd etmişdi:
“Kondisioner sistemini yandıranda yağ yanığının qoxusu gəlir”. Kondisioner sistemi isə sol mühərriklə əlaqəlidir. Qoxu haqqında qeyd noyabrın 27-də təkrarlanır. Binə aeroportunun mütəxəssisləri səbəbi tapa bilmədikdə, noyabrın 30-da Moskvada yerləşən aviatəmir zavoduna teleqram vuraraq nümayəndə göndərmələrini istəyirlər. Təyyarənin istismarı isə davam edir.
Dekabrın 5-də “Tu-134” Bakıdan Naxçıvana uçur. Həmin gün saat 17:52-də isə Naxçıvan-Bakı marşrutu üzrə havaya qalxdı. Uçuşun 86-cı saniyəsində sol mühərrikdə problem yaranır, gücü aşağı düşür. Bort mühəndisi isə tələsik qərar verərək sağ mühərrikin sıradan çıxdığını kapitana xəbər verir. Bir neçə saniyə sonra sol mühərrikdən alov çıxır. Bort mühəndisin yanlış məlumatına əsaslanan kapitan isə sağ mühərrikin söndürülməsini əmr edir. Beləliklə, təyyarə tamamilə gücünü ititrir. Təyyarənin aşağı düşdüyünü, uçuş istiqamətində isə yaşayış evlərinin olduğunu görən kapitan təyyarəni kəskin döndərməli olur. Bu da onun maililiyini xeyli artırır və əkin sahəsinə planlaşdırılan enişini xeyli çətinləşdirir. Nəticədə, yerə birinci olaraq təyyarənin “qarnı” deyil, sol qanad toxunur. Fırlanaraq böyrü ilə hərəkət etməyə başlayan “Tu-134” beton elektrik dirəyinə çırpılır və dayanır. Qəza nəticəsində təyyarədə olan 82 nəfərdən 52 nəfər həlak olur. 30 nəfər müxtəlif xəsarətlər alsa da, sağ qalır. Möcüzə nəticəsində yanğın baş verməyib, yoxsa qurtulan yəqin ki, olmazdı.
Bu hadisə Azərbaycanın müstəqillik tarixində ən dəhşətli aviaqəza sayılır.
Anar Əliyev