"Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyinə dair xəbərlər mütəmadi olaraq ölkə gündəminə gətirilsə də, hələlik rəsmi məlumatın olmaması bu xəbərlərə ciddi yanaşmağa ehtiyac olmadığı fikrini hasil edir. Təbii ki, belə bir məsələ ciddi şəkildə elan olunarsa, BAXCP bu seçkidə iştirak etmək üçün öz namizədlərini irəli sürəcək.
Newscenter.az xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri Azər Qasımov səsləndirib. O bildirib ki, partiya olaraq bu sahədə böyük təcrübəyə sahib olduqları üçün onlar, bütün seçkilərdə iştirak edib:
"Ehtiyac durumunda da mütləq iştirak edəcəyik. BAXCP bu məqsədlə daim seçki komissiyalarında olan üzvləri ilə mütəmadi iş aparır, onların tərkiblərinin aktiv tutulması üçün ciddi nəzarət həyata keçirir".
Azər Qasımov, "Azərbaycan Respublikasının ciddi və köklü siyasi təşkilatı olan BAXCP partiyamızın sədri hörmətli Millət vəkili Qüdrət Həsənquliyevin rəhbərliyində ölkəmizin və xalqımızın rifahı naminə fəaliyyət göstərməyi özü üçün şərəf məsələsi hesab edir, bütün fəaliyyətini bu istiqamətdə qürur. Sıravi üzvündən tutmuş, partiya idarəçiliyində təmsil edilən funksiyonerlərinə kimi hər biri partiyanın tapşırıq və göstərişlərini yerinə yetirməyə hazırdır. Seçki olarsa, məsləhət bilinən partiya funksionerləri öz namizədliklərini irəli sürəcəklər",-deyə vurğulayıb.
Anar Əliyev