"Ölkədə erkən seçkilərin keçiriləcəyi barədə iddialar tez-tez səsləndirilir. Əslində belə bir seçkinin keçirilməsinə ciddi zərurət var. Ancaq seçkiyədək Konstitutsiya islahatları aparmaq lazımdır ki, qanunverici hakimiyyəti müasir dövrün tələb və çağırışlarına uyğun formalaşdırmaq mümkün olsun. Əks təqdirdə proqressiv heç nəyə nail olunmayacaq".
Newscenter-az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O deyib ki, 2019-cu ildə "ölkədə aparılan struktur və geniş islahatlarla ayaqlaşa bilmədiyinə görə" özünü buraxan parlament, yenidən köhnələri yerlərinə qaytardı:
"Heç nə dəyişmədi. Odur ki, öncə seçkili qurumların effektiv fəaliyyətinə stimul verəcək qanunverici baza və işlək mexanizm yaradılmalıdır. Həmçinin seçkilərə və seçkili qurumlara etibar və inam bərpa edilməlidir ki, həm də legitimliyə şübhə yeri qalmasın".
AMİP funksioneri deyib ki, post müharibə dövründən sonra Azərbaycanın daxilində də yeni reallıqlar yaranıb:
"Artıq ölkəni inkişafdan saxlayan ciddi problem olan Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapıb. Lazımdır ki, bundan sonra daxildə siyasi qüvvələr arasında, eləcə də cəmiyyətdə konsalidasiya əldə olunsun. Bu həm də Azərbaycana qarşı artan davamlı təzyiq və basqıların qarşısını ala bilərdi. Həm də bəhanə verməzdi. Təəssüflər olsun ki, hakimiyyətin belə bir niyyəti hələ sezilmir. Məncə daxili sosial iqtisadi və digər sahələrdəki problemlər həmçinin xarici güclərin region uğrunda nüfuz mübarizəsi bir müddətdən sonra hakimiyyəti də çətin duruma sala bilər. Odur ki, mən parlament seçkilərinin erkən, yaxud da vaxtında formal keçirilməsini uyğun saymıram".
Əli Oruclu, "Nəzəri cəhətdən ehtimal etsək ki, hakimiyyət indiki metod və üsullarla qeyri demokratik şəraitdə erkən parlament seçkilərinə gedəcək, siyasi partiyalar istəsələr də istəməsələr prosesdə dekorasiya kimi qatılmaq məcburiyyətindədirlər",-deyə vurğulayıb.
Anar Əliyev