Ermənistanın Cinayət İşləri üzrə Apellyasiya Məhkəməsi bu ölkədə əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovla bağlı cinayət işinə baxıb və onun ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.
Ermənistan məhkəməsi mayın 8-də A.Bəbirovu 11,5 il müddətinə, iyunun 21-də isə H.Axundovu 20 il müddətinə azadlıqdan məhrum edib.