Fransa sözdə mətbuat azadlığının tərəfdarı kimi çıxış etsə də, gerçəklikdə isə söz azadlığının düşməni kimi hərəkət edir. AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsənovanın jurnalist kimi peşəkar fəaliyyətini yerinə yetirməsinə qanuni əsas göstərilmədən maneçilik törədilməsini və onun polis bölməsində bir gün saxlanılaraq “arzuolunmaz şəxs” qismində ölkədən çıxarılması faktı bu həqiqəti təsdiqləyir.
Bəs, Parisin azərbaycanlı jurnalistin Yeni Kaledoniya gerçəkliklərini görməsinə və göstərməsinə belə dözümsüz yanaşmasının səbəbi nədir? Məsələ burasındadır ki, rəsmi Paris istər Yeni Kaledoniyada, istərsə də hələ də Fransanın müstəmləkəsi olaraq qalan digər ərazilərdə getdikcə güclənən azadlıq mübarizəsi barədə əsl həqiqətlərin dünyaya yayılmasını istəmir. Dekabrın 5-nə nəzərdə tutulan mitinq də məhz Yeni Kaledoniyanın müstəqillik səyləri ilə bağlı idi. Azərbaycanlı jurnalistin sözügedən dinc nümayiş ərəfəsində Yeni Kaledoniyaya daxil olmasına qadağa qoyulması Parisin ciddən narahat olduğunu göstərir.
Fransa dövləti bu hərəkəti ilə özünü ifşa etdi. Yeni müstəmləkəçilik siyasətini davam etdirən bir ölkənin jurnalistin informasiya əldə etmək hüququnu məhdudlaşdırması onun gerçək simasını ortaya qoyur. Makron Fransasının qatı ermənipərəstliyi azmış kimi, həm də söz azadlığının düşməni kimi çıxış etməsi onun imicinə ağır zərbədir.
Fransa tərəfi azərbaycanlı jurnalistin peşəkar fəaliyyətinə müdaxilə edilməsinə don geyindirə bilməz. Bu, Yelisey Sarayının bilavasitə siyasi sifarişi ilə törədilmiş qeyri-demokratik hadisədir. Ona görə də hesab edirik ki, Fransa hakimiyyətinin demokratiyadan danışmağa haqqı yoxdur. Özünü demokratiyanın müdafiəçisi kimi göstərməyə çalışan Fransanın neokolonializm siyasətini davam etdirməsi siyasi riyakarlıqdır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri