Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu Qaraçuxur qəsəbəsində Şərq yaşayış massivinin məhəllədaxili yollarında (döngə №2704) aparılan təmir işləri yekunlaşmaq üzrədir.
Newscenter.az Agentliyə istinadən bildirir ki, uzunluğu 1400, eni ortalama 6 metr təşkil edən sözügedən yollar torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Aparılan əsaslı təmir işləri ilə bu problem aradan qaldırılacaq.
Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və yolun profilə salınması işləri görülüb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən hazırda ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Təmir işləri çərçivəsində yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və zəruri yerlərdə yenilənməsi işləri də aparılacaq.
İşlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
R.Mehdiyeva