Pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov “Məktəbdə...” layihəsinin qonağı olub.
Newscenter.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin növbəti görüşü paytaxtdakı 258 nömrəli tam orta məktəbdə keçirilib.
F.Rüstəmov özünün məktəb illəri ilə indiki dövrü müqayisə edib, müasir dünyanın tələbləri və bugünün məktəbindən, zamanla dəyişən, həmçinin hələ də müqəddəsliyini qoruyub saxlayan dəyərlərdən danışıb. Qonaq təhsilə ictimai baxış, məktəb və müəllim nüfuzunun qorunmasının vacibliyi, hər peşədə, sənətdə fərqlənməyi bacarmaq üçün təşəbbüskarlıq göstərməyin önəmindən, ixtisas seçimində diqqət edilməli olan məqamlardan, mütaliənin faydalarından söz açıb.
Pedaqoq şəxsi təcrübələri əsasında maraqlı nümunələrlə şagirdləri düşündürən suallara aydınlıq gətirib, vacib mövzularla bağlı məktəblilərlə fikir mübadiləsi aparıb.
Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrdən asılılığın aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.
R.Mehdiyeva