Azərbaycan Texniki Universiteti (AzTU), Özbəkistanın “Transproyekt” MMC şirkəti və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə təşkilatçılığı ilə "Nəqliyyat planlaşdırılması və nəqliyyat axınlarının modelləşdirilməsi" mövzusunda konfrans işinə başlayıb.
Newscenter.az-a təhsil ocağından bildirilib ki, iştirakçıları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev konfransın işinə uğurlar arzulayıb. Rektor konfransda əldə olunan nəticələrin nəqliyyat sektorunda yeni yanaşmaların tətbiqi baxımından faydalı olacağını qeyd edib.
Daha sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və AYNA-nın nümayəndələri çıxış edərək konfransın əhəmiyyətindən danışıblar. AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması istiqamətində görülən işlərlə bağlı geniş təqdimatla çıxış edib.
Qeyd edək ki, konfransda Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Gürcüstandan olan ali təhsil müəssisələri və şirkətlərin nümayəndələri iştirak edirlər.
İki gün davam edəcək konfransda nəqliyyat modellərinin inkişafı, ictimai nəqliyyatın inkişafı və planlaşdırılması, nəqliyyat sistemlərinin real vaxt rejimində idarə olunması, işıqforun tənzimlənməsinin optimallaşdırılması kimi bir sıra mövzularda məruzələrlə yanaşı, “PTV Visum 2024”, “PTV Vissim” və “PTV Viswalk 2024” proqram təminatlarının yenilənən imkanlarına dair təqdimatlar dinləniləcək.
R.Mehdiyeva