Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baş Prokurorluqdan vətəndaşlara müraciət

Baş Prokurorluqdan vətəndaşlara müraciət


Baş Prokurorluq çoxmənzilli binalarda elektrik, su və qaz sayğacları quraşdırılması ilə bağlı vətəndaşlara müraciət edib.

Newscenter-az xəbər verir ki, müraciətdə "Mənzil-tikinti kooperativi (MTK) mülkiyyətçilərdən çoxmənzilli binalarda elektrik, su və qaz sayğaclarına və onların quraşdırılmasına görə vəsait tələb edə bilərmi?" sualına aydınlıq gətirilib.

Qeyd edilib ki, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar üçün sayğac təchizatçı müəssisənin vəsaiti hesabına təchiz edilir və quraşdırılır.

Sözügedən qanunvericilik aktlarının tələblərinə görə hüquqi şəxs olan istehlakçı üçün sayğac onun öz vəsaiti hesabına təchiz edilir və quraşdırılır.

Həmçinin, adıçəkilən qanunların müvafiq olaraq 8-ci, 13-cü və 23-cü maddələrinə uyğun olaraq, yaşayış binaları sayğaclarla təchiz edildikdən sonra istismarına icazə verilə bilər.

Eyni zamanda, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102.2-ci maddəsinə əsasən istismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir.

Bu baxımdan, sayğaclara və onların quraşdırılmasına görə xərclər bina tikintisinə çəkilən ümumi xərclərin tərkibinə aid edilməklə, mənzilin satış qiymətinə və ya pay haqqına daxil olunmalıdır.

Mehman Mehdiyev
Xəbəri paylaş