Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin nümayəndə heyəti Özbəkistana gedib

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin nümayəndə heyəti Özbəkistana gedib


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəvəti ilə Daşkənddə səfərdə olan Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyevanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib.

Newscenter.az xəbər verir ki, qonaqlar ilk öncə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü və Şəhidlər abidə kompleksinin tər gül dəstələri qoyublar.

Qonaqları qəbul edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti və missiyası haqqında ətraflı məlumat verərək görülmüş işlərdən söz açıb.

Samir Abbasov Mədəniyyət Mərkəzinin Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatının təbliğatı ilə bağlı görülmüş işlərdən söz açaraq bu sahədə rəhbərlik etdiyi təşkilatın fəaliyyəti çərçivəsində qeyd olunan istiqamətlərə aid yüzdən artıq nəşrin özbək dilinə tərcümə edildiyini, çoxsaylı sərgilərin, konsertlərin, konfransların təşkil olunduğunu, layihələrin həyata keçirildiyin vurğulayıb.

Azərbaycan dilinin Özbəkistanda təbliği və tədrisinin Azərbaycan Mədəniyyət Mərkəzinin əsas prioritetlərindən olduğunu qeyd edən Samir Abbasov bunun üçün Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan dili kurslarının yaradıldığını, lüğətlərin, danışıq kitablarının, dərs vəsaitlərinin nəşr edildiyini, elektron platformada tədrisin təşkili və bu sahədə layihələrdən söz açıb. Azərbaycan dilinin tədrisi sahəsində Özbəkistanın bir çox ali məktəbləri ilə sıx əməkdaşlıq etdiklərini vurğulayan diplomat artıq Özbəkistanda ali məktəbdə Azərbaycan dilinin tədrisinə nail olduqlarını və Özbəkistan Gənclərlə İşlər Agentliyi tərəfindən həyata keçirilən “İbrat farzandlari” layihəsi çərçivəsində Azərbaycan dilinin bütün Özbəkistanda onlayn formatda tədrisinin həyata keçirildiyini qeyd edib.

Sözügedən layihə haqqında məlumat verən diplomat, özbək gənclərinə dünyanın aparıcı xarici dillərinin öyrədilməsi məqsədilə yaradılmış bu platformanın 25-dən artıq xarici dili əhatə etdiyini və burada əcnəbi dillərə yiyələnmək istəyən dörd yüz əlli mindən çox gəncin birləşdiyini qeyd edərək Mədəniyyət Mərkəzinin təşəbbüsü və yaxından dəstəyi ilə artıq Azərbaycan dilinin də bu sözügedən platforma üzərindən tədrisinin həyata keçirildiyini vurğulayıb.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva dəvət və qəbul üçün öz minnətdarlığını bildirərək rəhbərlik etdiyi təşkilatın fəaliyyəti ilə bağlı geniş məlumat verib.

Sevinc Əliyeva rəhbərlik etdiyi qurumun əsas məqsədinin müasir Azərbaycan dilinin leksik, qrammatik normalarının qorunub saxlanılması, mətbuatda, nəşrlərdə, televiziya proqramlarında, məlumat lövhələrində, reklamlarda, ümumiyyətlə Azərbaycan dilinin işləndiyi hər bir sahədə ədəbi dilin qrammatik və leksik normativ qaydalarının qorunub saxlanılması və bu qaydalara riayət edilməsinə nəzarət, maarifləndirmə işlərinin aparılması olduğunu qeyd edərək Azərbaycan dilinin populyarlaşdırılması, tədrisi və dil normalarının qorunması sahəsində Azərbaycan Mədəniyyət Mərkəzi ilə də əməkdaşlıq etməyə hazır olduqlarını vurğulayıb. O, xarici ölkələr arasında Özbəkistanda ana dilimizin təbliği və tədrisi istiqamətində qazanılan uğuru yüksək qiymətləndirib və bu istiqamətdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətini təqdirəlayiq hesab edib.

Sevinc Əliyeva gələcəkdə Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq, bu istiqamətdə birgə layihələrin reallaşdırılması, daha səmərəli fəaliyyət, habelə Özbək tərəfi ilə əlaqələrin koordinasiyası, əməkdaşlığın yaradılması işində maraqlı olduqlarını bildirib.

Sonra qonaqlar Azərbaycan Mədəniyyət Mərkəzində yaradılmış “Heydər Əliyev”, “Azərbaycan mədəniyyəti və dövlətçilik tarixi”, “Dostluq”, “Azərbaycan xalçaları” muzeyləri ilə tanış olublar.

Qonaqlar daha sonra Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi
münasibətilə yaradılmış və yaxın günlərdə açılışı nəzərdə tutulmuş Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, eləcə də Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetindəki Məhəmməd Füzuli adına Azərbaycan Elmi-araşdırmalar Mərkəzini də ziyarət ediblər.

Qeyd edək ki, sözügedən mərkəzlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılmışdır.

R.Mehdiyeva
Xəbəri paylaş