Ötən günün ən önəmli siyasi hadisəsi heç şübhəsiz ki, ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” adlı Forumu oldu. Forumda toxunulan məsələlər aktuallığı ilə seçilirdi. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözügedən Forumda çıxışı zamanı səsləndirdiyi fikirlər dünən dünya mətbuatının da diqqət mərkəzində olub.
Prezidentin çıxışında toxunulan mövzuların və Forum iştirakçılarının dövlət başçımıza ünvanladıqları sualların əhatə dairəsi kifayət qədər geniş idi. Gəlin həmin mövzuları ümumən nəzərdən keçirək:
-Azərbaycanın regiona sülhü hərbi yolla gətirməsinin labüdlüyü
-Ermənistanın silahlanması məsələsi. Ermənistana silah tədarük edən Fransa və Hindistan kimi ölkələr hazırda odun üstünə yağ tökür
-Qarabağdakı erməni icmasının nümayəndələri Azərbaycan hökumətinin nümayəndələri ilə əvvəllər görüşməyə razılıq versəydilər və Yevlaxa gəlsəydilər, antiterror tədbirlərinə ehtiyac qalmazdı
-19-20 sentyabr antiterror əməliyyatından öncə Qarabağda çoxsaylı erməni hərbi kontingentinin mövcudluğu. Onlar təslim olan kimi əməliyyata son qoyulması
-Azərbaycanın bütün məsələləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə həll etməsi
-Biz artıq Azərbaycanın ərazi bütövlüyünün bəyanatlarla deyil, imza ilə təsdiqlənməsini gözləyirik
-Bizim Ermənistanın ərazisini işğal etmək kimi bir hədəfimiz yoxdur
-Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı indi Azərbaycana qəti şəkildə zəmanət lazımdır
-Sülhü təşviq edən tərəf həmişə məhz Azərbaycan olub, Ermənistan deyil (Sülh müqaviləsinin detalları)
-Naxçıvana asan çıxış olmalıdır, bu, bizim legitim hüququmuzdur
-Ermənilərin Qarabağa vurduğu zərər hesablanır
-Qarabağda əsas maneə minalardır
-Keçmiş məcburi köçkünləri layiqli iş yerləri ilə təmin ediləcək
-Qarabağ ermənilərinin təhlükəsizliyi Azərbaycanın Konstitusiyasına və Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq təmin ediləcək
-Deportasiya olunmuş yüz minlərlə Qərbi azərbaycanlının mülkiyyəti qorunmalıdır
-Ermənistan özünü kommunikasiyaların açılmasından məhrum edir
-Ermənistan hökuməti xaotik olaraq bir qütbdən digər qütbə gedir
-Ermənistan yaxşı qonşu olarsa, öz suverenliyini qoruyub saxlaya bilər
-Azərbaycan və Gürcüstanın yaxın tərəfdaşlığı
-Prezidentin Qranada görüşünə getməməsinin səbəbləri
-Avropa liderləri arasında populist insanların varlığı
-Avropa Parlamentində bəzilərinin özünü manyak kimi aparması
-Qarabağı tərk etmiş ermənilərin guya 150 min olması ilə bağlı Cozef Borrelin son bəyanatı yalandır
-Türk Dövlətləri Təşkilatı ölkələrinin milli təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi üçün yol xəritəsi hazırlanmalıdır
-Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır
-Avropa Komissiyası ilə müxtəlif sahələrdə işləyirik
-Azərbaycanla Ermənistan arasında heç bir vasitəçilik olmadan ikitərəfli format ola bilər
-Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırdır
-Biz müasir texnoloji innovasiyaları ölkəmizdə tətbiq etməyə hazır olmalıyıq
-Qoşulmama Hərəkatı böyük tərəqqi, həm də böyük beynəlxalq təcrübə əldə etmişdir.
Göründüyü kimi Cənab Prezidentin və Forum iştirakçılarının toxunduğu məsələlərin spektrinə, əhatə dairəsinə bu gün həm regionumuz üçün, həm də dünya üçün əhəmiyyət daşıyan bir çox mühüm məsələlər daxildir. Azərbaycan Prezidentinin Forumun davam etdiyi 3 saatdan çox müddət ərzində təxminən 20-yə yaxın əcnəbi qonağın suallarını ətraflı şəkildə cavablandırması Azərbaycanın mövqeyinin dünyaya çatdırılması baxımından olduqca əhəmiyyətli hadisədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də belə intellektual müzakirələrin və fikir mübadiləsinin keçirilməsinin vacibliyini xüsusi olaraq vurğuladı: “Mən bu cür toplantıları faydalı hesab edirəm, çünki bu təmas vaxtı biz bir sıra vacib məsələləri müzakirə edirik. Mən də beynəlxalq ekspert dairələrində regionumuzda cərəyan edən son proseslərlə bağlı hansı sualların olduğunu daha da yaxşı anlayıram”.
Məşhur beyin və tədqiqat mərkəzlərini təmsil edən 60-dan artıq xarici qonağın iştirak etdiyi bu forum postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin düzgün təşkili barədə dolğun məlumatları, habelə “Böyük Qayıdış” prosesinin sosial, iqtisadi, təhlükəsizlik və infrastruktur aspektlərini və Azərbaycanda beynəlxalq təcrübənin tətbiqini xarici ekspertlərin diqqətinə çatdırmağa imkan verir. Həmçinin Cənubi Qafqazda sülhün bərqərar olması üçün əsas təşəbbüskar ölkə qismində məhz Azərbaycanın çıxış etdiyini göstərmək, eləcə də bölgənin tərəqqisinin və təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycanın formalaşdırdığı sülh gündəliyinin piarı baxımından da bu forum optimal platforma rolunu oynadı.
Bu platformaya Cənab Prezident də xüsusi önəm verir və o, çıxışında da qeyd etdi ki, ADA Universitetinin indiyə qədər təşkil etdiyi forumların hər birində iştirak edib. Onun çıxışı həm Ermənistana və onun yeni havadarlarına ünvanlanan açıq mesajları ilə, həm 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, lokal antiterror əməliyyatını keçirməyimizi labüd edən səbəblər, vasitəçilərin sülh prosesini tormozlaması, ABŞ-ın və Avropa Parlamentinin anti-Azərbaycan mövqeyi, Borel kimi diplomatların qərəzli yalanları barədə Forum iştirakçılarına geniş məlumatların verilməsi ilə diqqətləri cəlb etdi.
Heç şübhəsiz ki, Azərbaycanda olduğu kimi İrəvanda da başa düşürlər ki, hazırda bölgəmiz üçün əsas çağırış məhz Cənubi Qafqazda qalıcı sülhün və təhlükəsizliyin təmin edilməsidir. Lakin onlar bunu başa düşdükləri halda belə, əfsuslar olsun ki, Azərbaycan tərəfinin təklif etdiyi universal sülh şərtləri əsasında yekun sülh sazişinin imzalanması prosesini Qərbdəki yeni havadarlarının diktəsi ilə qəsdən uzadırlar. Məhz bu amili nəzərə alaraq İlham Əliyev çıxışında Ermənistan rəhbərliyinə bir daha çağırışlar etdi və bildirdi ki, əgər Ermənistan yaxşı qonşu olmaq və dəstək vermək bacarığını nümayiş etdirərsə, bu yolla öz suverenliyini qoruyub saxlaya bilər. Ona görə də Ermənistan hökuməti xaotik olaraq bir qütbdən digər qütbə keçmək, qeyri-müəyyənlik yaratmaq praktikasından əl çəkməlidir və sülh müqaviləsinin imzalanması üçün xarici havadarlarının işarəsi ilə hərəkət etmək etmək əvəzinə, müstəqil siyasi iradə nümayiş etdirməlidir. Ermənistanın başqa alternativi yoxdur. Sülh ən yaxşı alternativdir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri