"Azərbaycanda növbədənkənar Prezident seçkilərinin elan olunması barədə sərəncam imzalanması gözlənilməz oldu. Referendum və ya parlament seçkiləri proqnoz edilsə də, növbədənkənar Prezident seçkilərinin keçirilməsinə ehtiyac duyulan zərurətin nədən qaynaqlanması məsələsi həqiqətən də maraqlıdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, Azərbaycan Respublikasında 2025-ci ilə baş tutulması gözlənilən Prezident seçkilərinin gələn il fevralın 7-nə təyin edilməsi onu deməyə əsas verir ki, bu seçkiyə ehtiyac yaranıb:
"Əslində buna görünüşdə ehtiyac hiss edilməsə də, artıq sərəncamın verilməsi bəzi məqamlar üzərindən fikir yürütməyə də əsas verir. İlk növbədə bu seçkiyə Azərbaycanın yeni dövrə qədəm qoyması ilə əlaqələndirmək olar".
BAXCP rəsmisi deyib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, torpaqlarında öz suverenliyini təmin edib:
"Ermənistan belə məğlub olduqdan sonra yenidən növbədənkənar Baş nazir seçkisinə getdiyi halda və dünyada yenidən imic təzələdiyi halda, niyə də Azərbaycan xalqı qalib ölkə kimi öz prezidentinə olan inamını yeniləməsin?!"
Azər Qasımov, "Hesab edirəm ki, əsas səbəb kimi beynəlxalq arenada gələn il bir sıra ölkələrdə də prezident seçkilərinin olması və bundan sonra proseslərin hansı istiqamətdə gedəcəyi barədə ciddi proqnozun olmamasıdır.
Məsələ ondadır ki, indi həm beynəlxalq, həm də ölkədaxili şərait buna müsait olduğu üçün yenidən prezident seçkisi keçirilməsi hesab edirəm ki, doğru məntiqdir".
Anar Əliyev