Ötənlər, yaşanılmışlar tarixdir. Biz də onları xatırlaya-xatırlaya tarixə sədaqətimizi göstəririk. Danışıblar - eşitmişik, yaddaşımızda saxlamışıq, danışırıq - dinləyirlər, yaddaşlarında saxlayacaqlar. Kərbəlayı Bəşir ötən əsrin əvvəllərində Zəngilanın Bartaz kəndində yaşayıb. Dünyagörüşlü kişi olub. Elmə, təhsilə rəğbəti ilə də sevilib. Kənddə ilk dəfə məktəb açılanda evini təmənnasız, heç bir təklif olmadan özü məktəbə veribmiş. Bu maariflənmənin başlanğıcı təkcə bartazlıları əhatələmirdi, bu, o dövr üçün geniş bir şəbəkə idi. Evin məktəbə verilməsi Zəngilan üçün olduqca gərəkli səxavət kimi dəyərləndirilmişdi. Zamanında da, sonralar da buna maarif işığı deyilmişdi...
Kərbəlayı Bəşirin övladları da xeyirxahlıq, insansevərlik, el-oba sevərlik işığını sönməyə qoymayıb. Kərbəlayı Bəşirin oğlu Seyfullanın dördüncü övladı Yadulla idi. Yadullaın qardaşı İbad da, Bəşir də, Zakir də, Əşir də, Nadir də ali təhsil almışdı, biri hüquqşünas idi, biri iqtisadçı, biri mühəndis...
Yadulla Seyfulla oğlu 1933-cü il dekabrın 5-də Bartaz kəndində anadan olmuşdu.
1951-ci ildə Pirçıvan qəsəbə orta məktəbini (indiki Zəngilan şəhər 1 nömrəli orta məktəbi) bitirmişdi. Naxçıvan ikiillik Müəllimlər İnstitutuna daxil olmuşdu. Oxumuşdu, vaxtın qədrini bilib oxumuşdu, vaxta dəyər verib oxumuşdu, vaxtı sabahlarına işıq bilib oxumuşdu. İnstitutu 1953-cü ildə müvəffəqiyyətlə bitirmişdi. Məzunu olduğu məktəbdə fizika-riyaziyyat müəllimi işləməyə başlamışdı. O illərdə pedaqoji fəaliyyətin də müəyyən çətinlikləri vardı; müəllim çatışmazlığı şagirdlərin tədris materiallarını mənimsəmələrində müəyyən çətinliklər yaradırdı. Yadulla müəllim bu çətinlikləri dözümü ilə, səbri ilə, geniş mütaliəsinin köməyi ilə aradan qaldırırdı.
Məktəbdə cəmi üç il işlədi, onu sevdiyi peşəsindən ayırdılar - partiya ayırdı. O illərdə partiyanın qərarına qarşı gəlməkmi olardı? 1956-cı ildə Zəngilan rayon partiya komitəsinin (RPK-nin) təqdimatı ilə rayon komsomol komitəsinin (RKK-nin) II katibi vəzifəsinə seçildi. Üç il yeniyetmələrlə işləmişdi, onların təhsilinin cəfakeşi olmuşdu, indi gənclərlə işləyirdi. Onların bütün qayğılarının cəfakeşi idi.
1958-ci il oktyabrın 2-də RKK-nin I katibi vəzifəsinə seçildi.
Rayon gənclərinin bütün qayğılarını ya özü həll edirdi, ya həlli yollarını göstərirdi. Qabaqcıl, əqidəli, vətənsevər gənclərin müəyyən vəzifələrə təyin olunmasına çalışırdı. Bunu özünə könül xoşluğu bilirdi.
Ali təhsil almaq istəyirdi. "Elm bütün qapıların açarıdır. Ali təhsilin olmalıdır ki, səni göndər-dikləri qapının ağzında boyun bükməyəsən...", - bu kəlam onda da çox dəyərliydi, indi də də-yərlidir. Yadulla müəllim həm belə deyirdi, həm də diplom xətrinə ali təhsil almağın da əleyhinə idi. Fizikanı sevmişdi, riyaziyyatı sevmişdi. Bu ixtisasın ali təhsilini almaqda qərarlı idi. 1957-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin qiyabi şöbəsinə daxil oldu və 1960-cı ildə həmin ali məktəbi müvəffəqiyyətlə bitirdi.
1961-ci ildə Zəngilan RPK-yə təlimatçı vəzifəsinə irəli çəkilib və 1962-ci ilədək bu vəzifədə çalışıb.
1962-ci ildə Zəngilan kənd orta məktəbində müəllim kimi pedaqoji fəaliyyətini yenidən davam etdirib. Öz üzərində həmişə ciddi çalışıb. Öyrəndiklərini mükəmməl öyrənməyi özünə mənəvi borc bilib. Buna məsuliyyət deyirlər. Şagirdlərdə yüksək bilik və bacarıqların formalaşması üçün qazandığı təcrübəni tədris müddətində dərslərə tətbiq edib. Sevdiyi fənni ürəkdən və zövqlə tədris etməsi şagirdlərin öyrənmək istəyini artırıb. 1963-1970-ci illərdə Zəngilan kənd orta məktəbinin direktoru olduğu müddətdə şagirdlərə də, müəllimlərə də həssaslıqla yanaşıb, hamısına qayğı və səmimiyyət göstərib, hamısını səbrlə dinləyib. Bu, ona həm pedaqoji kollektivdə, həm də valideynlər arasında hörmət, ehtiram qazandırıb.
Məktəb rəhbəri müəllimlərin zəhmətinin dəyərləndirilməsini kollektivə verilən qiymət bilir. Ona görə də qabaqcıl müəllimləri respublikanın Təhsil Nazirliyinin mükafatlandırması üçün zəmanət-təqdimatlar göndərirdi və bu zəmanət-təqdimatlar nəticəsiz qalmırdı. Məktəbin tədrisdə və peşə yönümündə əldə etdiyi uğurlu nəticələr rayon rəhbərliyinin diqqətindən kənarda qalmırdı.
Yenidən siyasi fəaliyyətə qaytarılıb. Bu, etimad idi. Bu, biliyə, təcrübəyə və səbatlığa verilən dəyər idi. 1970-ci ildə yenidən Zəngilan RPK-yə gətirilib, təlimatçı vəzifəsinə təyin edilib. Ali siyasi təhsil alması üçün 1971-ci ildə Bakı Ali Partiya Məktəbinə göndərilib. 1973-cü ildə Ali Partiya Məktəbini müvəffəqiyyətlə bitirib və RPK-də təlimatçı kimi fəaliyyətini davam etdirib. 1975-ci ildən 1980-ci ilə kimi Zəngilan RPK-də təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində işləyib. İdeoloji işin yenidən qurulması, təbliğat-təşviqatın səmərəliliyinin yüksəldilməsi, mədəniyyət, maarif, rabitə və səhiyyə sahələrində fəaliyyətin yaxşılaşdırılmasında əvəzsiz xidmətləri olub.
Müəllimlik ömrün ahənrübasıdı. Yaxşı müəllim, müəllimliyi cəmiyyətin saflaşma, durulaşma, dürüstləşmə vasitələrindən biri bilənlər üçün bircə saat sinif otağında dərs demək ömrün axarını yenidən bu sahəyə yönəldir. Gec-tez yenə sinif otaqlarına dönüş olur, sinif otaqlarında şagirdlərin elminə, vətənpərvərliyinə, mənəvi kamilliyinə məsul olanların işini koordinasiya edir. Bu da tədrisdi, bu da təlimdi. 1980-ci ildə Zəngilan rayon Xalq Maarif Şöbəsinin müdiri vəzifəsinə göndərildi. Rayonun maarif sferasında yeniləşmə başladı. Bu yeniləşmə elmi yeniliklərlə, pedaqoji ideyaların tədrisə tətbiqi ilə səsləşirdi. Bu, Yadulla müəllimin tövsiyələri əsasında həyata keçirilirdi. Rayonun məktəblərində təhsilin səviyyəsinin, nüfuzunun yüksəldilməsinə, nizam-intizamın daha da gücləndirilməsinə, məktəblərin maddi-texniki bazasının möhkəmləndi-rilməsinə və zənginləşdirilməsinə, yeni məktəblərin, əlavə sinif otaqlarının, körpələr evi-uşaq bağçalarının tikilməsinə, məktəbli gənclərin məktəbdənkənar fəaliyyətinin yaxşılaşdırılması üçün rayonda şahmat, musiqi məktəblərinin, gənc texniklər stansiyasının açılmasına nail olmağı bacardı. Şux görkəmi, səliqəli və gözəl geyimi, nurlu və gülərüz siması, səlis nitqi və mədəni davranışı ilə yenə nümunə oldu.
1980-87-ci illərdə təhsilin inkişaf etdirilməsində gördüyü işlər şagirdlərin bilik səviyyəsində yüksək nailiyyətlərlə nəticələndi. Mən həmin illərdə Zəngilan RKK-də idman və kütləvi-müdafiə işləri şöbəsinin müdiri vəzifəsində çalışırdım. RKK rayon xalq maarif şöbəsi ilə qonşu binada yerləşirdi. Sonra rayon pionerlər evinə köçdülər. Yenə təxminən 150 metr məsafədə yerləşirdi. Demək olar ki, hər gün rastlaşıb görüşərdik, ya da telefonla əlaqə saxlayardıq. Sonuncu dəfə rayon mədəniyyət evində keçirilən hərbi vətənpərvərlik tərbiyəsinə həsr edilən və məktəblilər arasında keçirilən olimpiadada iştirak edirdik. Nahar fasiləsində rayonun hərbi komissarı Sabir Abdullayevi və məni qonaq etdi. Onun dəyərli söhbətləri, duzlu-məzəli lətifələri indi də xatirimdədir. Hər mətləbi bir el məsəli ilə qoşalaşdırmağı sevirdi. Belə məqamlarda əvvəlcə gülümsünərdi, sözünü sonra deyərdi...
Yadulla müəllimin gözəl natiqlik qabliyyəti var idi. Çıxışları həmişə sitatlara istinad edilməklə auditoriyanın səviyyəsinə uyğun olardı, dinləyənlər onu asanlıqla başa düşərdi. Dostluğu da, qohumluğu da dürüst idi. Xeyir-şərdə qabağa durardı, əlindən gələn bütün köməkliyi göstərərdi...
Yadulla müəllimin bacısı Dinlamaz xala 30 ilə yaxın anamla bir yerdə işləmişdi. Onlar o qədər mehriban idilər ki, nabələdlər onları doğma bacı bilərdi. Yadulla müəllim də həmişə anama bacı deyərdı. Ürəkdən deyirdi: Mənim iki bacım var. Dinlamaz tək deyil...
Həyat ona görə mürəkkəbdir ki, yaşanılan illər hamını eyni mərtəbəyə yüksəldə bilmir. Bu mərtəbəyə yüksəlmək üçün özünün kifayət qədər savadın olmalıdı, geniş dünyaduyumun olmalıdı, həyat təcrübən olmalıdı, insanlarla ünsiyyət yaratma və yaranmış ünsiyyəti yaşatma bacarığın olmalıdır. Bunlar kamillik üçün başlıca şərtlərdəndir. Yadulla müəllim kamil insan idi. Sağlığında da belə sevilirdi, son nəfəsindən sonra da belə xatırlanır. Belə insanların son nəfəsinə hamı, hamı təəssüflənir. Unudulmur belə insanlar. Yadulla müəllim həmişə xatırlanan insandır.
Yadulla müəllim böyük nüfuz sahibi idi. Zəngilanda da yaxşı tanınırdı, Zəngilandan kənarda da, Bakıda da. Bunu dostluğa sədaqəti, mərdliyi, nəcibliyi, səxavətliyi, dürüstlüyü, ...ilə qazanmışdı.
2019-cu il idi. İş yoldaşım cavanlıq illərinin dostlarından birinin Bakıya gəlişinə görə verəcəyi qonaqlıqda iştirak etməyimi xahiş etdi. Necə deyərlər, dostumun dostu anlamı ilə tədbirdə iştirak etdim. Səmimi bir məclis idi. Xatirələr çözələnirdi, olmuşlar xatırlanırdı. Hamıya elə gəlirdi ki, ürəyindən keçənləri danışmağa zaman, vaxt çatmayacaq...
Ziyafətdə dostumun dostu, indi hamımızın dostu tanışlıq vaxtı Zəngilandan olduğumu biləndə iftixarla Yadulla müəllimi yada saldı. "Taleyimdən çox razıyam ki, elə bir insanla dəfələrlə ünsiyyətdə olmuşam, şirin salam-əleykimiz olub. Məni qınayan olmasa deyərdim ki, Yadulla müəllim möcüzə insan idi, möcüzəsi insanlığıydı..." Sonra sözünə davam edərək bildirdi ki, onunla tələbəlik illərindən ömrünün sonuna kimi dostluğumuz olub.
Dostumuz Bakıda da, Zəngilanda da Yadulla müəllimlə yaddaqalan görüşlərindən ürəkdolusu söhbət açdı, dün-yadan vaxtsız köçmüş dostu haqqında danışdıqca qəhərlənirdi də. Mən də bir zəngilanlı kimi qürur duyurdum, elə bir insan haqqında mən də maraqlı söhbətlər etdim, yaddaqalan xoş xatirələr danışdım. Dostumuzun baxışlarında bir sevinc gördüm: dostu haqqında deyilən xoş kəlmələr ona gözəl könül xoşluğu vermişdi.
Yadulla Seyfulla oğlu Hacıyev ziyalı idi, Zəngilanı, Azərbay-canı sevirdi, insanlığı, insanları sevirdi. Zəngilanda bu amalla işlədi. Yol qəzası nəticəsində 1987-ci ildə dekabrın 6-da faciəli surətdə həlak oldu.
Qəlblərdə yaşayanlar unudulmur. Yadulla Seyfulla oğlu Hacıyev kimi...
Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim