Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Salyanda sahibkarlarla görüş keçirilib

Salyanda sahibkarlarla görüş keçirilib


"Bu günlərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədova ünvanladığım məktub müsbət dəyərləndirildi və KOBİA-nın təşkilatçılığı ilə Salyan rayonunda sahibkarlarla görüş keçirildi".

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı millət vəkili Jalə Əhmədova səsləndirib. O bildirib ki, Salyan Rayon İcra Hakimiyyətində baş tutan görüşdə Salyan RİH-in başçısı Sevindik Hətəmov, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun Partnyorlarla iş şöbəsinin müdiri İsmayıl Hüseynov, KOBİA-nın KOB Dostu departamentinin müdir müavini Eldəniz Əmirov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Ərazi şöbəsinin rəisi Elnur Cəlilov, Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsinin müdiri Ramin Kazımov, Sahibkarlığın İnkişafı Fondunun Partnyorlarla iş şöbəsinin aparıcı mütəxəssisi Qəzənfər Səfərxanlı, Aran Regional Koordinatorluğunun koordinatoru Ayaz Ədilov, Aran Regional Koordinatorluğunun Salyan KOB dostu Anar Əhmədov, müvəkkil kredit təşkilatları və sahibkarlar iştirak edib:

"Görüşdə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən regionlarda sahibkarların qarşılaşdıqları çətinliklərin öyrənilməsi və təkliflərinin dinlənilməsi, eləcə də dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA tərəfindən göstərilən dəstək və xidmətlər barədə sahibkarların məlumatlandırılması istiqamətində keçirilən görüşlərin əhəmiyyəti vurğulandı. Həmçinin sahibkarlara maliyyə resurslarına çıxış imkanları və dövlətin maliyyə dəstəyi mexanizmləri barədə məlumat verildi, Fondun güzəştli kreditlərinin şərtləri və müraciət prosesi ətraflı şəkildə izah olundu. Daha sonra sahibkarlar çıxış etdilər. Bölgədə fəaliyyət göstərən biznes subyektlərinin çətinlikləri barədə danışan sahibkarlar, problemlərin aradan qaldırılması yönündə öz təkliflərini də səsləndirdilər. Bölgədə fəaliyyət göstərən sahibkarlar üçün kredit şərtlərinin daha asan və əlçatan olmasını, torpaqların təyinatında mövcud olan problemləri diqqətə çatdırdılar".

Deputat deyib ki, sahibkarlar həmçinin ölkəmiz üçün strateji əhəmiyyət daşıyan məhsulların əkininin dövlət sifarişinə daxil edilməsi məsələsini qeyd etdilər və onları narahat edən bu məsələdə köməklik göstərilməsini məndən xahiş etdilər:

"Sahibkarlığın inkişafına və biznesin qarşılaşdığı çətinliklərin operativ həllinə öz töhfəsini verən belə bir görüşün mənim təşəbbüsümlə Salyan rayonunda da təşkil edilməsini təqdirəlayiq hesab edir, KOBİA-nın İdarə Heyətinin sədrinə öz dərin minnətdarlığımı bildirirəm".

R.Mehdiyeva
Xəbəri paylaş