"Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi, hesab edirəm ki, zamanın tələbidir. Eyni zamanda, tarixi əhəmiyyət kəsb edən hadisədir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Onun sözlərinə görə, müstəqillik dövründə Azərbaycanda prezident, parlament, bələdiyyə seçkiləri, referendumlar keçirilsə də, ölkə ərazisini tam əhatə etməmiş və 20 % hissəsi, bizdən asılı olmayan səbəblər üzündən, proseslərdən kənarda qalmışdı:
"Bu baxımdan, Azərbaycanın bütün suveren ərazilərini əhatə edən seçkilərin keçirilməsi bir ilkdir, tarixi hadisədir".
Deputat deyib ki, Azərbaycan, prezidentli Respublikadır və yerləşdiyimiz coğrafiya, geosiyasi mürəkkəbliklər dövlət idarəetmə sistemindən maksimum operativlik, çeviklik tələb edir:
"Vətən müharibəsi və ondan sonra baş verən proseslər bunu bir daha təsdiq etdi. Ələlxüsus, Qarabağın və ətraf bölgələrin işğaldan azad olunması, dünya erməniliyi və onların himayədarları ilə aparılan informasiya müharibəsində Prezident İlham Əliyevin hər iki cəbhənin önündə getməsi tarixə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan statusunu qazandırdı. Müasir dünyanın reallıqları, qloballaşma, təbii resurslar, nəqliyyat-kommunikasiyalar uğrunda geosiyasi güclərin mübarizəsi, nisbətən kiçik ölkələri öz təhlükəsizlikləri barədə düşünməyə vadar edir".
Nəsib Məhəməliyev, "Düşünürəm ki, Əliyevin, növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncamı, Azərbaycanın gələcək inkişafına, sabitliyinə, rifahına hesablanmış addımdır",-deyə vurğulayıb.
S.İsmayılbəyli