Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana taraixi səfərini reallaşdırdı. Ərdoğanın bu səfəri təkcə iki ölkədə deyil, eləcə də bütün dünyada diqqətlə və maraqla izlənildi. Türkiyə liderinin bu səfərinin Afina ilə Ankara arasında münasibətlərin inkişafında yeni bir mərhələnin açılışı kimi xarakterizə edilir.
Elə siyasi ekspert Çingiz Şahbazi də bu qənaətdədir. Newscenter.az-ın xəbərinə görə, Çingiz Şahbazi deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstana rəsmi səfərini iki ölkə arasında siyasi gərginliyin və krizin aradan qaldırılması istiqamətində mühüm addım hesab etmək olar:
"Səfər çərçivəsində hər iki ölkənin siyasi rəhbəri birlikdə bəyannamə imzalayıb. İmzalanmış Bəyannamədə iki ölkə arasında əlaqələrin inkişafı ilə bərabər, həmçinin əməkdaşlıq istiqamətləri və atılmış siyasi iradənin müstəsna rol oynaması əksini tapıb".
Ekspert deyib ki, Türkiyənin qonşuları ilə bağlı siyasətinə yenidən baxması və münasibətlərin normallaşması üçün atdığı addımlar təqdirəlayiq haldır:
"Biz bilirik ki, Yunanıstan və Türkiyə arasında anlaşılmazlıq halında olan ərazilər var və bu səbəbdən zaman zaman hər iki ölkə arasında siyasi baxımdan gərginliklər yaşanıb. Amma, bütün bunlara baxmayaraq Türkiyə Prezidenti Ərdoğanın məsələni diplomatik yolla masaya doğru yönəltməyə müvəffəq olmasını, qardaş ölkənin müvəffəqiyyəti hesab etmək olar. Bu gün iki ölkə arasında imzalanmış "Afina Bəyannaməsi" bir daha sübut edir ki, Türkiyə böyük dövlət olduğunu göstərir və məhz iki ölkə arasına üçüncü qüvvənin girməsinə heç bir səbəb saxlamadan izin vermir. Bu Türkiyənin qonşuları ilə bağlı və ümumiyyətlə regional təhlükəsizlik baxımından atdığı mühüm əhəmiyyət kəsb edən addımdır və bir daha hesab edirəm ki, qardaş ölkənin müvəffəqiyyətidir".
Anar Əliyev