Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, hər ikisi əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri Vasif Kazımov və Vurğun Abıyev sonuncunun idarə etdiyi "Kia Rio" markalı avtomobildə Yardımlı-Masallı avtomobil yolunun 35-ci kilometrliyində saxlanılıblar.
Newscenter-az DİN Mətbuat Xidmətinə istinadən bildirir ki, həmin şəxslərdən 10 000 ədədə yaxın narkotik tərkibli metadon həbi aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı nəticəsində onların sözügedən narkotik vasitəni əldə etdikləri şəxslər də müəyyən edilib və cinayətkar qrupun digər üzvləri, Yardımlı rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Rafət Məcidli və Muxtar Bayıyev polis əməkdaşları tərəfindən saxlanılıblar.
Saxlanılan şəxslərin hamısı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.
Mehman Mehdiyev