“Azərbaycanda növbədənkənar pezident seçkilərinin keçirilməsi ilə bağlı ölkə başçısı İlham Əliyev tərəfindən imzalanmış sərəncam bir sosial sifariş, zamanın tələbi olduğu üçün elə xəmiyyətin mütləq əksəriyyəti tərəfindən də müsbət qarşılanır, təqdir edilir”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkilinin sözlərinə görə, İkinci Qarabağ Müharibəsindən sonra regionda yeni bir reallıq yaranıb və hər bir prosedur kimi, seçki prosesi də məhz yeni reallıqlara uyğun keçirilməlidir:
“Bu həm də yeni bir siyasi eranın başlanğıcıdır. Müstəqillik əldə etdikdən sonra ilk dəfədir ki, bu və ya digər seçki, konkret olaraq prezident seçkiləri bütün ölkə ərazisini əhatə edəcək. İndiyə qədər keçirilən bütün seçkilər məlum səbəblərdən, Azərbaycanın ərazilərinin işğal altında olmasından dolayı bütün ölkə ərazisini əhatə etmirdi. Bu dəfəki seçki isə tamamilə fərqli olacaq və tarixdə xüsusi yeri olacaq”.
İqbal Məmmədov qeyd edib ki, 2024-cü il, fevral ayının 7-də baş tutacaq növbədənkənar prezident seçkilərində də Azərbaycan xalqı öz layiqli seçimini edərək ölkəmizin inkişafına, tərəqqiyə səs verəcək:
“Qalib Azərbaycan xalqı öz qalib sərkərdəsinə səs verəcək, ona öz mənəvi borcunu qaytaracaq. Çünki Azərbaycan xalqını məhz Cənab İlham Əliyev və onun Müzəffər Ordusu qalib edib. Necə ki, İlham Əliyev Azərbaycan xalqını qalib etdi, eləcə də növbədənkənar seçkilərdə xalq İlham Əliyevi qalib edəcək”.
Millət vəkili növbədənkənar prezident seçkiləri barədə qərarı tənqid edənlərlə bağlı mövqeyini bildirib. Deputat qeyd edib ki, bu cür insanlar ancaq mənfilik üzərində kökləniblər və onların adəti yaxşpı və ya pis olmasından asılı olmayaraq hər şeyi tənqid etmək, qara görməkdir:
“Ancaq nəzərə almaq lazımdır ki, növbədənkənar seçki praktikası var və elə qardaş Türkiyədə bir neçə dəfə növbədənkənar seçki keçirilib”.
Deputat qeyd edib ki, növbədənkənar prezident seçkiləri həm də zəfər seçkisi kimi xarakterizə edilməlidir:
"Çünki tarixi zəfərimizdən sonra keçirilən ilk seçkilərdir, qalib Azərbaycanın zəfər seçkisidir".
Deputat sonda onu da qeyd edib ki, Cənab İlham Əliyev xalqa verdiyi vədə əməl edərək Azərbaycan bayrağını Xankəndi daxil olmaqla bütün işğal altında olan ərazilərimizdə, şəhər və rayonlarımızda şərəflə dalğalandırdı.
Anar Əliyev