"Baş verən əsir dəyişikliyi və verilən açıqlamalardan sonra ilin sonuna kimi sülh müqaviləsinin bağlanması məsələsində ümidlər artır. Hiss edilir ki, tərəflərin mövqeləri sülh bağlanmasına yaxındır".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin son bəyanatları və Ermənistan tərəfindən bir neçə günə sülh bsğlana bilər açıqlaması onu deməyə əsas verir ki, tərəflər arasında olan prinsipial fərqlər üzərində razılaşma əldə edilir:
"Ola bilsin ki, bu fərqlər həll edilməsə də sonrakı mərhələlərdə müzakirə edilməyə saxlanılır, amma sülh müqaviləsi bağlanması istəyi vardır. Hesab edirəm ki, sülh məsələsində Azərbaycan tələsməməlidir. Bütün məsələlər bir paket şəklində həll edilməlidir. Azərbaycan bu illər ərzində çəkdiyi əziyyət və verdiyi hərtərəfli itkilərin əvəzini alır şəkildə sülhə getməlidir".
Politoloq deyib ki, Ermənistanla sanki heç nə olmayıbmış kimi sülh bağlamaq doğru deyil:
"Ermənistan işğalçı siyasətinin cavabını alır şəkildə sülh əldə etməlidir. Bu baxımdan da hesab edirəm ki, sülh əgər olacaqsa, heç bir boşluğa yer buraxılmadan olmalıdır. Təyin olunmuş Azərbaycan Respublikasına növbədənkənar Prezident seçkiləri fonunda sülh bağlayaraq hər şeyə yenidən və təmiz səhifədən başlamaq məntiqini əldə rəhbər tutsaq, ilin sonuna kimi sülh bağlanacağını hesab etmək olar. Amma harda bağlanması maraqlı olaraq qalır".
Anar Əliyev