Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) vəzifəsində çalışanlar üçün keçirilən təlimlər başa çatıb.
Newscenter.az xəbər verir ki, təlimlər BŞTİ-nin müvafiq sahələr üzrə əməkdaşları və aidiyyəti qurumun əməyin mühafizəsi üzrə yüksək səviyyəli mütəxəssisləri tərəfindən keçirilib.
600-ə yaxın təsərrüfat işləri üzrə direktor müavinlərinin (təsərrüfat müdiri) cəlb olunduğu təlimlərdə təminat, təchizat və təssərüfat sahələri, maliyyə-mühasibatlıq sənədlərinin işlənib hazırlanması və müəssisədə təhlükəsizlik qaydaları, əməyin mühafizəsi üzrə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
Qeyd edək ki, təlimlərin keçirilməsinin əsas məqsədi müəssisələrdə əməyin mühafizəsinin təşkili, yanğın və elektrik təhlükəsizliyi, texniki istismar qaydalarının tələblərinə uyğun fəaliyyətin təmin edilməsi, əmək funksiyaları ilə bağlı təsərrüfat işləri üzrə direktor müavinlərinin (təsərrüfat müdiri) bilik və bacarıqlarının artırılmasından ibarətdir.
R.Mehdiyeva