“BMT-nin Baş Assambleyası 10 dekabr 1948-ci ildə ilk dəfə hamı və hər kəs üçün prinsipi ilə ümumbəşər mahiyyəti olan, geniş əhatə dairəsi üçün nəzərdə tutulmuş insan hüquqlarını müəyyən edən bir sənədi – İnsan Hüquqları
Haqqında Ümumi Bəyannaməni qəbul edib”.
Newscenter.az xəbər verir ki, bu fikirlər “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin beynəlxalq təşkilatlara müraciətində qeyd edilib:
“İrqindən, cinsindən, dilindən, dinindən, mənşəyindən və siyasi əqidəsindən asılı olmayaraq, bütün insanların ləyaqət və bərabərliyini təmin edən bu Bəyannamənin qəbul olunmasının 75-ci ildönümündə bidiririk ki, I Qarabağ müharibəsi zamanı Ermənistanın silahlı qüvvələri tərəfindən ərazi bütövlüyümüzə edilmiş təcavüz nəticəsində 100 minlərlə insan işgəncə və zorakılıqlara məruz qoyularaq şikəst və əlil edilib, 20 mindən artıq vətəndaşımız qətlə yetirilib, 3890 nəfər itkin düşüb, 872 nəfər şahid ifadələrinə əsasən əsir və girov götürülərək qarşı tərəfdə hüquqları pozulmuş şəkildə ağır fiziki və mənəvi işgəncələrə məruz qalaraq saxlanılır. Erməni əsir və girovluğunda beynəlxalq hüquq normalarına, konvensiyalara və İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 1, 3, 4, 5 və 6 - cı maddələrinə zidd olaraq işgəncə, təhqir və zorakılıqlara, qeyri-insani rəftara məruz qaldıqdan sonra azad edilmiş 1490 nəfər soydaşımız mənəvi-psixoloji gərginlik şəraitində yaşayır, onların 1123 nəfəri kişi, 357 nəfəri qadın, 224 nəfəri uşaq, 225 nəfəri qocadır.
Onlarla şəxs əsirlik dövründə məruz qaldığı işgəncələr nəticəsində ruhi xəstə vəziyyətində qayıdıb. 150 nəfər (50 nəfəri qadın) girovluqdan qayıtdıqdan az sonra məruz qaldıqları mənəvi və fiziki iztirablara dözməyərək dünyasını dəyişib. 550 nəfər isə əsir və girovluqda qəddarcasına qətlə yetirilib ki, onların 104 nəfəri qadındır”.
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi İnsan Haqları Günündə beynəlxalq təşkilatları Ermənistandan əsir və girovlarımızın qaytarılmasını, itkinlərimizin taleyinə aydınlıq gətirilməsini tələb etməyə çağırır.
Anar Əliyev