Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəfər paradı düşmən üzərində tarixi qələbəmizin möhürü sayılır

Zəfər paradı düşmən üzərində tarixi qələbəmizin möhürü sayılır


Bu gün 10 dekabr - Zəfər paradından 3 il keçir. Bu parad Azərbaycan xalqının, Azərbaycan Ordusunun və Azərbaycanın Ali Baş Komandanının gücünün, qüdrətinin, yenilməzliyinin bütün dünyaya nümayişi idi. Həmin gün qəhrəman əsgərlərimiz, odun-alovun içindən keçərək ərazi bütövlüyümüzü bərpa edən igidlərimiz paytaxtın baş meydanında –Azadlıq meydanında inamlı, məğrur addımlarla addımladılar və Qələbəmizi yaddaşlara həkk etdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun 44 günlük Vətən Müharibəsində qazandığı parlaq Zəfər tariximizin səhifələri nə qızıl hərflərlə yazıldı. Azərbaycanın adı dünya tarixinə ədaləti güc yoluyla bərpa etməyə qadir olan bir ölkə kimi həkk olundu.

Zəfər paradında Azərbaycan hərbçiləri tərəfindən Şuşa şəhəri üzərində qaldırılan Zəfər bayrağının meydana gətirilməsi, Azərbaycan və Türkiyə əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi gerçəkdən də qürurverici hadisə idi. Qardaşlığın zəfəri olan Zəfər paradını Azərbaycan və Türkiyə rəhbərlərinin - Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə qəbul etməsi isə dostlarımıza və düşmənlərimizə verilmiş ciddi mesaj kimi tarixə düşdü. Ərdoğanın söylədiyi kimi bu, ən mühüm həmrəyliyin məhz Qarabağda və Zəfər paradında göstərilməsi idi.

Biz bu paradın həsrətini düz 30 il gözləmişdik. 2020-ci ilin 10 dekabrınadək Azadlıq meydanı bir çox paradlara, bayram tədbirlərinə şahidlik etmişdi. Lakin Zəfər paradında çıxış edən Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin də qeyd etdiyi kimi bu paradın böyük fərqi və xüsusi önəmi vardı: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq”.

Əlbəttə, ölkəmizi, xalqımızı Zəfər gününə, Zəfər paradına aparan yol heç də asan olmadı. Biz xalq və dövlət olaraq 30 illik keşməkeşli yoldan birlik ruhu ilə keçdik, tarixi sınaqdan üzüağ çıxdıq.Qələbəmizin təməlində sözsüz ki, xalq-iqtidar birliyi dayanır və bu birlik 44 günlük Vətən Müharibəsinin gedişində düşmənin başını əzən Dəmir Yumruğa çevrildi. Və beləliklə, son 200 ildə daim torpaq itkisi ilə üzləşən Azərbaycan güclü siyasi Liderin qətiyyəti və sərkərdəlik məharəti, Rəşadətli Ordumuzun, qazilərimizin şücaəti ilə işğallara son qoydu, işğalçını cəzalandırdı və onun havadarlarını məyus etdi. “Dağlıq Qarabağ münaqişəsi“ tarixə çevrildi, status-flan gorbagor oldu. 2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyanat imzalandı. Məğlub Ermənistanın məğlub lideri Nikol Paşinyan bunu istəməsə də belə, sözügedən kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Həmin an “Böyük Ermənistan” və “Miatsum” (“Birləşmə”) kimi məşum ideologiyaların, təcavüzkar planların süquta uğradığı an idi.

Prezident İlham Əliyev noyabrın 10-da Üçtərəfli Bəyanatın imzalanması ilə bağlı canlı yayımda müraciəti zamanı Azərbaycan xalqının böyük xalq olduğunu və 30 il ərzində daha da bütövləşdiyini, ölkəmizin gücləndiyini xüsusi olaraq vurğuladı: “Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik”.

Biz burada bir mühüm məqamı da xüsusi olaraq qeyd etməliyik ki, xalqımız nəyi nə vaxt etmək lazım olduğunu yaxşı bilən öz siyasi liderinə inanırdı və səbrlə, təmkinlə bizi Zəfərə doğru aparan savaş gününü gözləyirdi. 8 noyabr 2020-ci ildə Şuşada üçrəngli bayrağımızın sancılması ilə ərazi bütövlüyümüz bərpa olundu. Noyabrın 10-da imzalanan Üçtərəfli Bəyanat isə Azərbaycan tarixinin ən böyük hərbi qələbəsini, diplomatik-siyasi uğurunu təsdiq edən sənəd kimi tarixə düşdü. Beləliklə, Azərbaycan dünyaya sübut etdi ki, o, bütün müstəvilərdə - istər döyüş meydanında, istərsə də masada, diplomatik mübarizə cəbhəsində özünün pozulmuş hüquqlarını özü bərpa etmək gücünə sahibdir. Dövlət başçımızın qeyd etdiyi kimi indi bütün ölkələr 44 günlük İkinci Qarabağ müharibəsinin təcrübəsini öyrənir və bu Qələbəmiz tariximizdə həmişəlik qalacaq: “Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!".

Zəfər paradı isə düşmən üzərində tarixi qələbəmizin möhürü sayılır. Və bu parad eyni zamanda tariximizin yeni səhifəsinin başlanğıcı hesab olunur. Dövlətimizin başçısının Laçının işğaldan azad olunması münasibətilə xalqa təbrikində bildirdiyi kimi döyüş meydanında, siyasi müstəvidə qazandığımız Qələbə ölkəmiz üçün yeni dövr açdı. Ərazi bütövlüyümüzün bərpasının ardınca separatizmin kökünün kəsilməsi, suverenliyimizin bərpası istiqamətində addımların atılması mərhələsi başlandı. Sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı separatçı xunta darmadağın edildi, Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azərbaycanın dövlət bayrağı ucaldıldı, suverenliyimiz tam bərpa edildi. Noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Xankəndi meydanında keçirilən Zəfər paradı üç il öncə Bakıda, Azadlıq meydanında keçirilən tarixi Zəfər paradının NİDAsı idi. Bununla da bir daha isbat olundu ki, bəli, Qarabağ Azərbaycandır!

Biz bu gün Vətən torpaqları uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə isə cansağlığı arzu edirik. Azərbaycan Ordusuna eşq olsun! Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə isə Qələbəmizi möhkəmləndirmək, uğurlarımızı davam etdirmək nəsib olsun!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş