“Müxtəlif səviyyələrdə dəfələrlə səsləndirilmiş fikri bir daha xatırlatmaq istərdim ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, bu çərçivədə sülh müqaviləsi şərtlərinin razılaşdırılması üçün birbaşa danışıqların effekti daha güclüdür".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Əliabbas Məhərrəmli səsləndirib. Onun sözərinə görə, Bakı ilə İrəvan arasında birbaşa danışıqlar nəticəsində əsirlərin mübadiləsi və müəyyən məsələlərdə anlaşmanı əldə olunması məhz ikitərəfli təmasların əhəmiyyətini açıq-aşkar göstərir:
"Ancaq təəssüf ki, təqribən son otuz ilə Azərbaycan-Ermənistan gərginnliyinin aradan qaldırılmasında sözdə vasitəçilik edən dövlətlər münaqişənin həlli və bütövlükdə regionda sülhün bərqərar olmasında maraqlı olmadıqlarını göstərdilər. Konkret desək, ABŞ başda olmaqla Qərb koalisiyası və Rusiya sülh şərtlərinin məhz onların diqtəsi ilə razılaşdırılmasını istəyir, prosesə patronluq etməyə çalışırlar".
Politoloq deyib ki, Azərbaycan müstəqil siyasət yürütdüyü üçün birbaşa danışıqlara getməkdə heç bir problemi yoxdur:
"Ermənistan isə həm Qərbin, həm də Rusiyanın təsiri altında olduğu üçün onların tələblərindən kənara çıxa bilmir. Hesab edirəm ki, Ermənistan regionda sülhün yaranmasında maraqlıdırsa, bu təzyiqlərə baxmayaraq, Azərbaycanla təkbətək danışıqlara qərar verməlidir. Bu olacaqsa, o halda sülh müqaviləsinin tezliklə imzalanmasına çox əlvdrişli zəmin yaranacaq”.
Anar Əliyev