İlin sonuna sayılı günlər qalır. Hər il olduğu kimi bu il də dekabrın son günündə müxtəlif bayram tədbirlərinin keçirilməsi ilə bağlı turizm istirahət mərkəzləri, otellər elanlar verir, vətəndaşlara müxtəlif bayram ovqatlı mərasimlər təklif edirlər. Belə elanlarddan bir neçəsi də Şuşa şəhərindəki otellər tərəfindən verilir.
Belə ki, işğaldan azad edilən Şuşa şəhərində ilk Yeni İl şənlikləri keçiriləcəyi barədə xəbərlər yayılıb. Məlumata görə, "Shusha" hotelində bayram şənliyində iştirak etmək istəyən 2 nəfər üçün 2500-3500 manat müəyyən edilib. Şuşadakı digər hotellərdə də qiymətlər təxmini eynidir. Şuşada bu qiymətə bayram şənliyinin təşkili təbii ki, haqlı olaraq müəyyən etirazlar doğurub və əksəriyyət bunu normal qəbul etmir. Elə İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay da belə düşünür.
Newscenter.az-ın xəbərinə görə, İlqar Altay Şuşada bu kimi eyş-işrət, bayram tədbirinin keçirilməsinə ehtiyac yoxdur:
"Müharibə zəfəri təzəcə çalınmış, Şuşanın azadlığından çox ötməmiş, Qarabağın köçkünləri yurd-yuvalarına qayıtmamış Şuşada yeni İl eyş-işrət keyfi nəyə lazımdır?".
İlqar Altay bildirib ki, Qarabağ torpaqlarının sahibləri oradan köçkün düşmüş sakinlər və bu torpaqda can qoyub, qan tökən şəhid əsgər və zabitlərin ailələri, eynilə, qazilər veteranlardır:
"Bu torpaqlardakı birinci qazanc və istirahət də onlara məxsus olmalıdır".
Anar Əliyev