Bakı şəhərində taksi sürücülərinə qarşı dələduzluq edən şəxs saxlanılıb.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nərimanov rayonu ərazisində taksi sürücülərinə qarşı dələduzluq edilib. Rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan 5 nəfər Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə müraciət edərək avtomobillərinə müştəri kimi əyləşən şəxsin onlara üzərində “etibarsız” yazılan 50 və 100 manatlıq əskinaslar verib əvəzində isə pulun qalığını aldığını bildiriblər.
Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən qanunazid əməlləri törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü əvvəllər məhkum olunmuş Hafiz Mahmudov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı dələduzluq edərkən istifadə etdiyi üzərində “etibarsız” yazılan 50, 100 və 200 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb. Taksi sürücülərinə qarşı dələduzluq edən şəxsin hərəkətləri ərazidə quraşdırılan kameralar vasitəsi ilə də qeydə alınıb.
Mehman Mehdiyev