“Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi qələbəsini özündə əks etdirən Zəfər Paradı bir sıra vacib nüansları ilə diqqət çəkdi. İlk növbədə paradda qardaş Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı dünyaya bir daha açıq-aydın şəkildə onu nümayiş etdirdi ki, Türkiyə və Azərbaycan dost, qardaşdır, bu iki ölkə istər dar gündə, istərsə də xoş gündə bir-birinin yanındadır. Digər vacib mesaj isə ondan ibarət idi ki, Azərbaycan tarixi zəfəri ilə bölgədə yeni reallıq yaradıb və beynəlxalq birlik də bu reallığı qəbul etməlidir”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, 10 dekabr Zəfər Paradı həmçinin Azərbaycanın qüdrətli, güclü ordusunun, onun maddi-texniki bazasının, qəhrəman oğullarının dünyaya sübutu idi:
“Eyni zamanda Zəfər Paradı uzun illər həsrətində qaldığımız qələbə sevinci, qürur, iftixar hissi idi. 10 dekabr paradı ilə Azərbaycanın Müzəffər Ordusu, onun Ali Baş Komandanı İlham Əliyevin “Qarabağ Azərbaycandır!” fikrinin təsdiqi, təcəssümü idi”.
İctimai birlik sədri deyib ki, Azərbaycan xalqını, Azərbaycan dövlətini Zəfər gününə, Zəfər paradına aparan yol heç də asan başa gəlməyib, bunun üçün 30 ilə yaxın gözləməli olmuşuq:
“Bir olaraq, Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyini qarşıya ali vəzifə kimi qoyan Cənab Prezident İlham Əliyev ətrafında sıx birləşərək biz bu qələbəni əldə etdik, yaşadıq. Qələbəmizin təməlində məhz xalq-iqtidar birliyi dayanır, tarixi zəfərimizi şərtləndirən başlıca amillərdən biri məhz bu idi”.
S.İsmayılbəyli