Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyevin siyasi irsi və ideyaları bütün azərbaycanlıların ömür yoluna işıq saçacaq

Heydər Əliyevin siyasi irsi və ideyaları bütün azərbaycanlıların ömür yoluna işıq saçacaq


Dünya tarixi həm də liderlərin tarixi, qəhrəman şəxsiyyətlərin tarixidir. Biz ayrı-ayrı xalqların tarixinə bir qədər yaxından nəzər salsaq görərik ki, hər bir xalqın keçid dönəmlərində, milli azadlıq və dövlətçilik tarixində Xilaskar rolunu oynamış, qurtuluş yolunu göstərmiş dahilər, öndər şəxsiyyətlər var. Onlar öz xalqlarının taleyində müstəsna rol oynayııb, toplumu öz arxasınca aparıb və ən kritik məqamlarda misilsiz iradə, əzmkarlıq və qətiyyət nümayiş etdirərək böhranları adlamağı, düşmənlərə qalib gəlməyi, ölkəsinin müstəqilliyini qorumağı, Qələbəyə imza atmağı bacarıblar. Tarix bu cür simaları xalqların və bəşəriyyətin taleyini dəyişən liderlər kimi, öndərlər kimi xatırlayır. Ümummilli Lider, Ulu Öndər kimi yüksək mənəvi-siyasi titulları qazanmış Heydər Əliyev də məhz bu cür nəhəng tarixi Şəxsiyyətlərin sırasında yer tutur.

Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının növbəti ildönümüdür. Onun vəfatından 20 il ötür. Qədirbilən xalqımız hər il 12 dekabrı Ulu öndər Heydər Əliyevin anım günü kimi böyük minnətdarlıq hissilə, dərin ehtiram və rəhmət hissilə qeyd edir. Heydər Əliyev xalqımız qarşısında göstərdiyi xidmətləri ilə ölümsüzlük qazanmış, bütün azərbaycanlıların hər zaman qürurla xatırlayacağı uca Şəxsiyyətdir. Bu mənada bütün həyatını Azərbaycana həsr edən Ulu Öndərin nə qədər ki Azərbaycan var, ürəklərdə yaşayacağı, var olacağı şəksizdir.

Heydər Əliyevin ömrü ölkəmizin müstəqilliyinin qorunmasına, suverenliyinin təmin edilməsinə, dövlətçiliyin inkişafına, Azərbaycanın bölgənin liderinə çevrilməsinə və beynəlxalq aləmdə tanıdılmasına həsr olunmuş bir ömürdür. Məhz bu amillərə əsaslanaraq Heydər Əliyevi müasir Azərbaycan dövlətçiliyinin qurucusu və qoruyucusu hesab etmək olar.
Onun ölkəmizə ikinci rəhbərlik dövrü ən keşməkeşli, təlatümlü illərə təsadüf edib. Azərbaycan həmin dövrdə yenicə əldə edilmiş müstəqilliyini itirmək, kiçik separatçı dövlətlərə parçalanmaq və tamamilə işğal olunmaq təhlükəsi ilə üzləşmişdi. Müstəqilliyimizin başı üzərindən “Damokl qılıncı” asılmışdı. Biz bir xalq və dövlət olaraq “olum, ya ölüm” sualı kimi məşum bir sualla üz-üzə qalmışdıq. Söhbət ötən əsrin 90-cı illərinin əvvəllərindən gedir. Məhz Heydər Əliyevin yorulmaz mübarizəsi və titanik səyləri nəticəsində həmin illər ən yeni tariximizə müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.

Bu cür Şəxsiyyətlərin tarixdə yeri və rolu illər keçdikcə bütün aspektləri, çalarları ilə tam şəkildə üzə çıxır və onların öz xalqı üçün, dövləti üçün gördükləri işlərin miqyası, apardıqları mübarizənin mürəkkəbliyi aydın olur. İki əsrin qovşağında və bir quruluşdan başqa bir quruluşa, bir sistemdən tam fərqli digər sistemə keçid dönəmində gənc müstəqil ölkəyə rəhbərlik etmək, onu ayaqda saxlamaq və möhkəmləndirmək heç də asan iş deyildi. Bu, yüz ildən bir təsadüf edilən tarixi missiya idi və Tanrı məhz Heydər Əliyevi bu missiyanı uğurla həyata keçirmək üçün seçmişdi. Bəli, Heydər Əliyev seçilmiş insanlar pleyadasına aiddir.

1993-cü ilin iyun ayını heç də təsadüfən Azərbaycanın ictimai-siyasi həyatında yeni epoxanın əsasının qoyulduğu məqam hesab etmirlər. Məhz həmin kritik məqamda Heydər Əliyev xalqın təkidli və Azərbaycanı süqut təhlükəsi ilə üzləşdirmiş səriştəsiz “cəbhə” iqtidarının xahişi ilə, dəvəti ilə Naxçıvandan Bakıya gələrək ölkəyə rəhbərlik etməyə razılıq verdi. Bununla da dövlətçiliyimizin süqutunun qarşısı alındı, separatçı meyllərə son qoyuldu, vətəndaş müharibəsinin (qardaş qırğınının) önü kəsildi, xalqımız və ölkəmiz dərin iqtisadi böhrandan çıxmağa, siyasi hərcmərclikdən qurtulmağa başladı. Elə bu amillərə görə də həmin dövr müasir tarixçiliyimizdə Qurtuluş dövrü kimi qiymətləndirilir. Və xalqımız da haqlı olaraq Ulu Öndəri qurucu lider kimi, xilaskar kimi qəbul edir. Çünki müstəqil dövlətçiliyin əsasları məhz Heydər Əliyev tərəfindən qoyuldu və Azərbaycan dövləti onun rəhbərlik etdiyi illərdə (1993-2003) beynəlxalq aləmdə öz layiqli yerini tutmağa müvəffəq oldu.

Ulu Öndərin dərin zəkası, siyasi iradəsi və dövlətçilik təcrübəsi xalqımızın və dövlətimizin həyatında əvəzedilməz rola malikdir. Bu gün Qafqazın parlayan ulduzu adlandırılan və sürətli inkişaf yolunda böyük inamla irəliləyən Azərbaycan dövlətini Heydər Əliyevin əsəri hesab etmək olar. Birmənalı olaraq deyə bilərik ki, Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin memarıdır. Heydər Əliyevin ömrünü dövlətçiliyin inkişafına həsr etməsinin və Azərbaycanın gələcək taleyini layiqli varisə etibar etməsinin sayəsində cəmi 30 il ərzində güclü, qüdrətli Azərbaycan formalaşdı. Bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursu və inkişaf konsepsiyası onun davamçısı, Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Heydər Əliyevin bir siyasi lider kimi və bir ata kimi vəsiyyəti də Cənab Prezident tərəfindən şərəfli bir missiya kimi layiqincə yerinə yetirildi, torpaqlarmız işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildi. Beləliklə, son 20 ildə Ulu Öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı dünyaya qalib ölkə kimi təqdim etməyi bacardı. Ulu Öndərdən “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” qiymətini alan Prezident İlham Əliyev ölkəmizin bugünkü uğurlarının, qələbələrinin təminatçısıdır. Bu uğurlara, qələbələrə görə ümid edirik ki, Ulu Öndərin ruhu şaddır. Biz də Heydər Əliyev kimi görkəmli siyasi və dövlət xadiminin zəngin irsindən faydalanmağımızla qürur duyuruq. Heydər Əliyevin siyasi irsi və ideyaları bütün azərbaycanlıların ömür yoluna işıq saçacaq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş