Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Serbiya ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir

Serbiya ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir


"Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Öz növbəsində Serbiya da Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkədir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, dövlət başçıları səviyyəsində son illər intensivləşən qarşılıqlı yüksək səviyyəli səfərlər iki ölkə arasında əməkdaşlıq sahələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün möhkəm zəmin yaradıb:

"Azərbaycan-Serbiya əlaqələri ikitərəfli formatla yanaşı çoxtərəfli müstəvidə də uğurla davam etdirilir. Beynəlxalq arenada ölkələrimiz bir-birinin suverenliyi, ərazi bütövlüyünü birmənalı şəkildə qarşılıqlı surətdə dəstəkləyir, beynəlxalq təşkilatlar çərçivəsidə hər iki ölkə tərəfindən irəli sürülən təşəbbüslər nəzərə alınır. Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Serbiya dövlətlərinin təmsilçiləri prinsipial məsələlərin həllində birgə mövqe nümayiş etdirirlər. Buna əyani misal kimi Serbiyanın 14 mart 2008-ci il tarixində Azərbaycanın təklif etdiyi “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında” qətnamə layihəsi ilə əlaqədar BMT Baş Assambleyasında keçirilən səsvermədə məsələnin lehinə mövqe nümayiş etdirməsidir".

Politoloq deyib ki. indi Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun işə salınması ilə İki ölkə arasında enerji sahəsindəki əməkdaşlıqda yeni imkanlar açılıb:

"Bu, Azərbaycanın etibarlı enerji tərəfdaşı missiyasının genişlənməsinin və Avropanın enerji təhlükəsizliyində oynadığı rolun getdikcə artmasının bariz göstəricisidir. Bu gün Azərbaycan qazı Serbiyanın təchizat mənbələrinin şaxələndirilməsi ilə yanaşı, Mərkəzi Avropaya qazın paylanmasında tranzit ölkə kimi Serbiyanın strateji roluna da töhfə verir. Azərbaycan qazı gələcəkdə Serbiya vasitəsilə Mərkəzi Avropa ölkələrinə də çatdırıla bilər.

Odur ki, Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun işə salınması Azərbaycan ilə Serbiya arasında yaxşı münasibətlərin davam etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Serbiya-Bolqarıstan interkonnektorunun işə düşməsi ilə Azərbaycandan Serbiyaya ilk dəfə qaz tədarükü də daxil olmaqla qaz sahəsində çoxşaxəli əməkdaşlığın əsası qoyulur. Serbiyaya illik 400 milyon kubmetrə qədər qazın tədarükü nəticəsində Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 9-a çatacaq. Açılış mərasimində cənab Prezidentin də dediyi kimi bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir. Başqa szölə desək interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcəkdir".

Yusif Bağırzadə qeyd edib ki, bu həm də, ölkəmizin çox sürətlə qarşısına qoyduğu hədəfə doğru getdiyini göstərir:

"Belə ki, 2021-ci ildə Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.

Prezident çıxışında həmçinin uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi haqqında da danışaraq bu nəhəng infrastruktur layihəsinin Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verdiyini bildirdi. Həqiqətən də ölkəmizin Avropanın enerji təhlükəsizliyində ounadlğl rol artıq hər kəs tərəfindən qəbul edilir və Avropa Komissiyasının Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirməsi də bunun bariz göstəricisidir.
Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Genişmiqyaslı regional əməkdaşlıqda ölkəmizin tərəfdaşı olan dövlətlərdən biri də şübhəsiz ki, Bolqarıstandır.

Ölkəmizin Bolqarıstana qaz təchizatı iki il bundan əvvəl başlamışdır. 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il 500 milyon kubmetrdən bir qədər çox. Bu il isə bu rəqəmin 1 milyard kubmetrə yaxın olacağı gözlənilir.

Onu da qeyd edim ki, ölkəmizin zəngin neft və qaz resursları olmasına baxmayaraq əsas hədəflərdən biri də yaşıl enerjinin istehsalı və ixracı ilə bağlıdır. Ölkə başçısı da çıxışında bu məqama toxunaraq 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalandığını xatırlatdı.

Son olaraq qeyd edim ki, haqqında danışılan qaz İnterkonnektoru Azərbaycandan Mərkəzi və Şərqi Avropaya qazın ən sürətli nəqlinə yeni imkanlar qazandırır".

Anar Əliyev
Xəbəri paylaş