"Bu forumun böyük əhəmiyyəti var, çünki miqyasına görə bu Azərbaycanda keçiriləcək ən böyük mötəbər tədbir olacaq".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi qərarını şərh edərkən səsləndirib. O bildirib ki, BMT Baş katibi, dövlət və hökumət başçıları və beynəlxalq korporasiyalar geniş şəkildə bu forumda təmsil olunur:
"Üstəlik Azərbaycan iqlim dəyişikliyi sahəsində fəal iş aparan ölkədir və bu sahəyə həm yerli, həm də beynəlxalq səviyyədə töhfə verir. Bu baxımdan belə bir forumun ölkəmizdə keçirilməsi qlobal tədbirlərə ev sahibliyi etmək baxımından çox önəmlidir. Digər tərəfdən Azərbaycan işğaldan azad edilmiş ərazilərdə sağlam ətraf mühit və alternativ enerji ilə bağlı layihələr həyata keçirir və COP29-da qlobal donorların iştirakı baxımından da bunu faydalı saymaq olar. Bu forum vasitəsi ilə Qarabağda keçirilən bu cür layihələrə biz qlobal donorları cəlb edə bilərik".
Anar Əliyev