Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanın televiziya kanallarında Azərbaycanla bağlı televiziya verilişləri nümayiş etdirilib

Özbəkistanın televiziya kanallarında Azərbaycanla bağlı televiziya verilişləri nümayiş etdirilib


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsinə əsasən “Heydər Əliyev ili” və TÜRKSOY tərəfindən Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar 2023-cü ildə Özbəkistan mətbuatı nümayəndələrinin iştirakı ilə Azərbaycana media-turu təşkil edilib.

Newscenter.az xəbər verir ki, media-tur çərçivəsində “Özbəkistan” dövlət telekanalının “Özbəkistan ümumi evimiz” televiziya verilişində və “Milli TV” telekanalında Azərbaycanın paytaxtı Bakı şəhəri, Azərbaycanın və 2023-cü il üzrə Türk dünyasının mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhəri, eləcə də Füzuli rayonuna həsr olunmuş maraqlı televiziya proqramları nümayiş etdirilib.

Televiziya proqramında öncə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov müsahibəsi yer almışdır. O, Azərbaycan ilə Özbəkistan arasındakı dostluq münasibətlərindən danışaraq, müstəqillik illərində bu iki qardaş ölkə arasında mədəni və humanitar əlaqələrin getdikcə daha da möhkəmləndiyini qeyd edib. Diplomat Azərbaycan Mədəniyyət Mərkəzinin bu istiqamətdə müxtəlif layihələr həyata keçirdiyini, qarşılıqlı mədəni əlaqələrimizi, əməkdaşlığımızı daha da gücləndirmək və genişləndirməyi özünün əsas məqsəd və vəzifəsi hesab etdiyini vurğulayıb. S.Abbasov Özbəkistan jurnalistlərinin Azərbaycana media-turunun əsas məqsədi barədə danışaraq, Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistanda Azərbaycan həqiqətlərini yaymaq, milli mədəniyyətimizi təbliğ etmək məqsədilə qardaş ölkənin mətbuatı üçün hər il mütəmadi olaraq analoji səfərlərin təşkil olunduğunu söyləyib.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən işğaldan azad edilmiş Azərbaycan torpaqlarına, Füzuli rayonuna, Şuşa şəhərinə təşkil edilmiş media-turun əsas məqsədi Azərbaycan həqiqətlərini, Ermənistanın Azərbaycana qarşı təcavüzü, onların 30 ilə ərzində torpaqlarımızda apardıqları işğal siyasəti, infrastruktur və milli mədəniyyətimizə vurduqları ziyanı, Vətən torpaqlarının azad edilməsi, Azərbaycanın qələbəsi, Qarabağda aparılan yenidənqurma və bərpa işləri, eləcə də Azərbaycan xalqının zəngin mədəniyyətini nümayiş etdirməkdir.

Media-tur çərçivəsində Özbək jurnalistlər Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı, dünyaya gözəl şairlər, yazıçılar, bəstəkarlar və rəssamlar bəxş etmiş Şuşa şəhəri haqqında da xüsusi proqram təqdim ediblər. Media-turun iştirakçıları Azərbaycan dövləti tərəfindən şəhərdə aparılan böyük bərpa-quruculuq işləri ilə də bağlı süjet təqdim ediblər.

Televiziya proqramında işğaldan azad edilən Füzuli rayonunun görüntüləri, şəhərin yaraları - 30 ilə yaxın erməni işğalının izləri nümayiş etdirilib. Tamaşaçılar efirə gedən sözügedən veriliş vasitəsilə Özbəkistanın Azərbaycan xalqına hədiyyəsi olaraq tikilmiş, xalqlarımız arasında qardaşlıq və həmrəyliyin rəmzi olan Mirzə Uluqbəy adına 1 nömrəli Füzuli şəhər orta məktəblə tanış olmaq imkanı əldə ediblər.

Burada qeyd olunur ki, şagirdlər indi bu məktəbdə təkcə öz Vətənlərinin deyil, həm də qardaş Özbəkistanın tarixi haqqında biliklər alacaqlar. Qeyd edək ki, proqramda iki xalqın dostluğundan, onun böyük şəxsiyyətlərindən bəhs edən şeirlər söyləyən məktəblilərin görüntüləri əks olunub.

Həmçinin verilişlərdə tamaşaçılara Azərbaycan paytaxtının – təkrarsız arxitekturası, inzibati və yaşayış binaları, şəhərin dənizkənarı sahil zolağı, Bakının unikal panoraması ilə tanış olmaq imkanı da yaradılıb.

Televiziya verilişlərində Azərbaycanlıların qonaqpərvərliyi, səmimiliyi, bənzərsiz təbiəti, ləziz mətbəxi haqqında müxtəlif ölkələrdən, o cümlədən Özbəkistandan gələn turistlərin fikirləri yer alıb.

Özbək tamaşaçılarına təqdim olunan televiziya proqramında habelə Azərbaycan və Özbəkistan arasında mədəni-ədəbi əlaqələrə yer ayrılmış, xalqlarımızın sevdiyi və ehtiramla andığı Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi dahi şəxsiyyətlərin yaradıcılığı da xatırlanmışdır.

Proqramın sonunda tamaşaçılara musiqili klip təqdim olunub, burada milli geyimlər geyinmiş sənətçilər rəqs qrupunun müşayiəti ilə Azərbaycan milli rəqsi də nümayiş etdirib.

Qeyd edək ki, ölkəmiz haqqında filmlər nümayiş etdirən “Özbəkistan” və “Milli TV” kanalları Özbəkistanın ən populyar, sevilən kanallardır və geniş tamaşaçı auditoriyasına malikdirlər.

R.Mehdiyeva
Xəbəri paylaş