Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaşıl enerji gələcəyin enerjisidir və Azərbaycan bunun perspektivlərini düzgün dəyərləndirir

Yaşıl enerji gələcəyin enerjisidir və Azərbaycan bunun perspektivlərini düzgün dəyərləndirir


Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müxtəlif təyinatlı meqa-layihələrə başçılıq və ya ortaqlıq etməsi ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına şərait yaradır və qlobal müstəvidə, böyük geoiqtisadi hədəfləri olan dövlət kimi tanınmasına xidmət edir. 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanması da Azərbaycanı Avropa üçün etibarlı və alternativsiz tərəfdaşlardan birinə çevirib. Xüsusən də Rusiya-Ukrayna qarşıdurması fonunda yaranmış kritik geosiyasi durum və yeni çağırışlar Azərbaycanın əhəmiyyətliliyini daha da artırır. Biz bunu Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin və Bolqarıstan Prezidenti Rumen Radevin Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində etdikləri çıxış zamanı Azərbaycanın Avropanın qaz təchizatına verdiyi töhfəni xüsusi vurğulamalarından da gördük.

Bolqarıstan liderinin Azərbaycan Prezidenti İlham Əliyevə bu ölkənin qazla təchizatına verdiyi dəstəyə görə səmimi təşəkkürünü bildirməsi və Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulaması xüsusilə təqdirəlayiqdir: “Bu gün bizim layihəmiz Avropanın enerji xəritəsini dəyişdirir. Çünki interkonnektor yalnız bizim ölkələr üçün deyil, bütün region üçün şaxələndirməyə və təhlükəsizliyə zəmanət verir. İnterkonnektor sayəsində Bolqarıstan nəhayət ki, Azərbaycan qazını qəbul edə bildi. Bizim on il öncə anlaşmamız var idi. O vaxt biz nə Avropadan, nə də ki, Azərbaycandan fiziki qaz qəbul edə bilmirdik. Mən Prezident Əliyevə təşəkkürümü bildirmək istəyirəm. O, sübut etdi ki, Bakı bütün anlaşma və razılıqlara ciddi yanaşır. Baxmayaraq ki, 10 il öncə mühüm dəyişikliklər olmuşdu. Mən avropalı həmkarlarla görüşlərimdə hər dəfə bildirirəm ki, Azərbaycan etibarlı tərəfdaşdır. Mən inanıram ki, biz elə bu cür də çalışmağa davam edəcəyik".

Ölkəmizin belə yüksək imicə malik olması bir azərbaycanlı kimi şübhəsiz ki, hər birimizi sevindirir. Bu imicin qazanılmasında Prezident İlham Əliyevin əməyi və rolu danılmazdır. Məhz Cənab Prezidentin təşəbbüsü əsasında illər öncə şaxələndirilmiş təchizat infrastrukturunun qurulması bu gün Azərbaycanı Avropa İttifaqının üzvləri üçün vazkeçilməz tərəfdaşlardan birinə çevirir. Və məhz Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində 3500 kilometr uzunluğunda inteqrasiya edilmiş qaz boru kəmərlərindən ibarət Cənub Qaz Dəhlizinin formalaşmasının mümkün qədər qısa müddətdə başa çatdırılması bu gün Azərbaycanın qazla təchiz etdiyi ölkələrin coğrafiyasının genişlənməsinə gətirib çıxarıb. Bu, olduqca mühüm nəticədir. Əvvəllər sadəcə neft hasilatçısı və ixracatçısı kimi tanınan Azərbaycan indi dünyada ən böyük qaz təchizatçılarından birinə çevrilməkdədir. Cənab Prezidentimizin də qeyd etdiyi kimi biz neft hasilatından təbii qaz istehsalına keçidi reallaşdırmağın öhdəsindən gəldik.

Lakin bütün bunlar sadəcə başlanğıcdır. İnterkonnektorun açılışı heç şübhəsiz ki, Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihə kimi dəyərləndirilməlidir. Lakin İlham Əliyevin Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində bəyan etdiyi kimi bizim gələcək planlarımız daha böyükdür və biz təbii ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirməyi və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmağı planlaşdırırıq. Yaxın gələcəkdə ölkəmizin enerji siyasətində daha mühüm mərhələyə keçəcəyik. Ümumiyyətlə, ölkəmiz 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmağı öhdəsinə götürüb. Bu bizim cari dövr üçün əsas prioritet istiqamətlərimizdən biridir.

Lakin perspektiv anlamda isə prioritetimiz daha qlobal və innovativdir. Belə ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi bizim əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır. Bəli, baxmayaraq ki, Azərbaycanın zəngin neft və qaz resursları var, lakin biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Azərbaycanın yaxın gələcəkdə yanacaq enerjisindən bərpaolunan enerjiyə uğurla keçid etməsi ölkəmizə xarici sərmayə axınını təmin etməklə bərabər, Avropanın enerji təchizatında rolunun daha da artmasına imkan verəcək. Bir sözlə, yaşıl enerji gələcəyin enerjisidir və Azərbaycan bunun perspektivlərini düzgün dəyərləndirir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
[b][/b]
Xəbəri paylaş