Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Qaçqınlar üzrə 2-ci Qlobal Forumda təmsil olunur

Azərbaycan Qaçqınlar üzrə 2-ci Qlobal Forumda təmsil olunur


Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti 13-15 dekabr tarixlərində Cenevrə şəhərində İsveçrə Hökuməti və Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının birgə təşkilatçılığı ilə keçirilən Qaçqınlar üzrə 2-ci Qlobal Forumda iştirak edir.

Newscenter.az xəbər verir ki, ilk dəfə 2019-cu ildə keçirilən və Azərbaycanın da təmsil olunduğu Forum qaçqın məsələləri üzrə dünyanın ən böyük beynəlxalq tədbiri hesab olunur. Forumun keçirilməsində əsas məqsəd ölkəmizin də qoşulduğu Qaçqınlar üzrə Qlobal Paktda qeyd olunan hədəflərin praktiki icrasının dəstəklənməsi, 2019-cu ildə keçirilmiş Forumdan keçən müddətdə görülmüş işlərin müzakirəsi, yeni vədlərin elan edilməsi, habelə təcrübə mübadiləsi üçün şəraitin yaradılmasından ibarətdir.

Forumun plenar sessiyası çərçivəsində çıxış edən Xidmət rəisi Qaçqınlar üzrə Qlobal Paktın icrası və 2019-cu ildə keçirilmiş Forum, habelə Vətəndaşsızlıq üzrə Yüksək Səviyyəli Seqment zamanı ölkəmiz adından səsləndirilmiş vədlər ilə bağlı ötən dövr ərzində görülmüş işlər və əldə olunmuş əsaslı nailiyyətlər barədə məlumat verib.

2020-ci ildə ərazilərimizin işğaldan azad edilməsindən sonra Azərbaycanın 30 ildən artıq müddətdə əziyyət çəkdiyi məcburi yerdəyişmənin nəticələrinin aradan qaldırılmasında yeni mərhələyə qədəm qoyduğu bildirilib. V.Hüseynov çıxışında bu ərazilərin minalarla çirkləndirilməsinin qayıdış və reinteqrasiya proseslərini çətinləşdirən vacib amillərdən biri olduğunu vurğulayıb. Qeyd olunub ki, bu məsələnin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Hökuməti minalarla mübarizənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi qəbul edilməsini fəal şəkildə dəstəkləyir və insanların mobilliyinə mane olan qlobal problemlərdən birinin həllində beynəlxalq ictimaiyyətin dəstəyini gözləyir.

Azərbaycanda çoxlu sayda məcburi köçkünlə yanaşı, Ermənistandan qovulmuş 250 mindən çox qaçqının da olduğu bildirilib. Hökumətin həmin şəxslərin iqtisadi və sosial problemlərinin davamlı həllinə nail olduğu, lakin onların insan hüquqlarının qorunması baxımından öz doğma yurdlarına geri qayıdışının əhəmiyyəti diqqətə çatdırılıb.

Sonra Xidmət rəisi Qaçqınlar üzrə Qlobal Paktın səmərəli həyata keçirilməsi, eləcə də vətəndaşsızlıqla mübarizə sahəsində yeni könüllü öhdəlikləri səsləndirib və Qaçqınlar üzrə 3-cü Qlobal Foruma qədər qaçqınlarla bağlı vəziyyətin yaxşılaşdırılmasında daha uğurlu nəticələrin əldə olunacağına ümidvar olduğunu bildirib.

Onu da qeyd edək ki, Forumda Azərbaycanı təmsil edən nümayəndə heyətində Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin, habelə Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin nümayəndələri də iştirak ediblər.

Forum çərçivəsində Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Türkiyə Respublikasının xarici işlər nazirinin müavini cənab Yasin Ekrem Serim ilə də görüşüb.

Görüşdə Xidmət rəisi Azərbaycan ilə Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin, eləcə də strateji tərəfdaşlığın davamlı olaraq güclənməsindən məmnunluqla bəhs edib. Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri barədə məlumat verən Vüsal Hüseynov qardaş Türkiyə vətəndaşlarının Azərbaycanda yaşayan və işləyən əcnəbilər arasında üstünlük təşkil edən ölkə vətəndaşları sırasında olduğunu bildirib və miqrasiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub.

Yasin Ekrem Serim də öz növbəsində Azərbaycan və Türkiyə arasında münasibətlərin yüksək səviyyədə olmasını məmnunluqla qeyd edib, bütün sahələrdə mövcud olan əməkdaşlığın daha da güclənəcəyinə əminliyini ifadə edib.
Sonda tərəflər arasında iki ölkə vətəndaşlarının gediş-gəlişinin və yaşamalarının daha da sadələşdirilməsi istiqamətində atıla biləcək mümkün addımlar, eləcə də miqrasiya sahəsində qarşılıqlı maraq kəsb edən digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Forum öz işini dekabrın 15-dək davam etdirəcək.

Nərgiz Əzizova
Xəbəri paylaş