Ermənistan tərəfi ikili oyun oynamaqda davam edir. Bir tərəfdən Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı olduğu görüntüsü yaradır, digər tərəfdən sülhə gedən yolda atılan addımlar, imzalanan sənədlərə əməl etmir, yaxud ümumiyyətlə onları qəbul etməkdə maraqlı görünmür, inkarçılıq edir. Elə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyanın İctimai telekanala verdiyi müsahibədən də bu aydın görünür. Marukyan müsahibəsində bildirib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qeyd olunan bütün şərtlər artıq etibarlı deyil.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən politoloq Elxan Şahinoğlu deyib ki, bunu son günlər digər erməni rəsmilər də deyirlər. Politoloqun sözlərinə görə, əslində bu yanaşma Azərbaycanın da maraqlarına xidmət edir:
"Bu, birincisi, o deməkdir ki, Ermənistan hakimiyyəti 10 noyabr bəyanatından imtina edir. Bəyanatın bizim üçün də mənası qalmayıb, çünki məlum sənəd imzalananda Laçın dəhlizi və Qarabağın bir hissəsi hələ Azərbaycanın nəzarətində deyildi. Azərbaycan sonrakı mərhələdə bu məsələləri həll etdi. Yəni 10 noyabr bəyanatı Azərbaycan üçün də mənasını itirib. Bircə bəyanata görə Rusiya hərbi kontingentinin Qarabağda missiyasını davam etdirməsi bəndi qalıb ki, bunu da Bakı Moskva ilə danışıqlar əsasında həll edəcək".
Politoloq deyib ki, İrəvanın 10 noyabr bəyanatından imtinasının başqa mənası da var:
"Ermənistan hakimiyyəti artıq Moskvanın vasitəçiliyini qəbul etməyəcək. Bu Azərbaycanın maraqlarıyla da uzlaşır. Önəmli olan vasitəçisiz birbaşa danışıqları intensivləşdirmək və yeni razılaşmalar əldə etməkdir. Bunun üçün Rusiya və ya digər ölkənin vasitəçiliyinə ehtiyac yoxdur".
Anar Əliyev