Türkiyə XİN başçısı Hakan Fidan bölgənin sülh və təhlükəsizliyə çox yaxın olduğunu bəyan edib.
Newscenter.az-ın xəbərinə görə, o, dekabrın 14-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib ki, son 20 ildir fərqli vəzifələrdə işlədiyi vaxtlarda dəfələrlə Azərbaycana gəlib, iki ölkə arasındakı əməkdaşlığının genişləndirilməsi yolunda onun da əməyinin olduğu üçün sevinclidir.
“İki qardaş ölkələrin arasındakı münasibət günü-gündən dərinləşir. Qardaş ölkələr arasındakı imzalanan Şuşa Bəyənnaməsinin tələblərini yerinə yetirmək üçün çalışırıq”, - H.Fidan bildirib.
Nazir hesab edir ki, bu gün dünyada enerji və kommunikasiya xətlərinin təhlükəsizliyi prioritet məsələlərdəndir: “Xəzər neftinin TANAP vasitəsilə Türkiyəyə, oradan isə Avropaya ötürülməsi prosesinin genişləndiriləcəyini düşünürük”.
H.Fidan vurğulayıb ki, 44 günlük müharibə bölgə üçün yeni imkanlar yaradıb: "Fikrimizcə, bütün tərəflər sülh və sabitlik üçün əlindən gələni etməlidir. Təəssüf ki, Ermənistan diasporu Avropada Azərbaycana qarşı təxribatları davam etdirir. Lakin hesab edirik ki, Ermənistan sülh və normallaşma üçün çalışmalıdır. Bölgədə sülh və təhülkəsizliyə heç olmadığımız qədər yaxınıq. Bu sahədə də Azərbaycanla əməkdaşlığı davam etdirəcəyik”.
Nazir qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında sarsılmaz bağlar var: "Bu mənada hər zaman Türkiyə olaraq Azərbaycanın yanında olmuşuq. Biz Azərbaycanın haqlı davasının yanında olarkən işğala qarşı çıxaraq Azərbaycanın suverenliyini təmin etməsinə dəstək verdik. Hazırda Türkiyə olaraq bölgədə qarşıdurmaya ehtiyac qalmadığını düşünürük. Bundan sonrakı yolun sülhə aparmasının, Azərbaycanla Ermənistan arasındakı normallaşmanın davam etməsinin tərəfdarıyıq. Azərbaycan və Ermənistan arasında münasibətlərdəki irəliləyiş Türkiyə-Ermənistan münasibətlərinə də təsir göstərəcək".
Mehman Mehdiyev