"2024-cü il fevralın 7-nə təyin olunmuş növbədənkənar Prezident seçkiləri Müstəqil Azərbaycanın tarixində ilk olaraq bütün ölkə ərazisində keçiriləcək seçkilər olacaq. Bu seçkiləri Zəfər seçkiləri də adlandırmaq olar. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl edərək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkili bildirib ki, bu gün üçrəngli bayrağımız Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalanır:
"Qeyd etmək lazımdır ki, növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir. Sadəcə olaraq, seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini vaxtından əvvəl ifadə edəcəklər.
Onu da qeyd edim ki, bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Çünki Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib".
Jalə Əhmədova, "Heç şübhəsiz ki, “Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni seçkilərdə yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək.
O da vurğulanmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir", -deyə vurğulayıb.
R.Mehdiyeva