"Ölkə rəhbərinin 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında imzaladığı fərmandan sonra cəmiyyətin müxtəlif təbəqələri tərəfindən məsələ ilə bağlı müzakirələr aparılır, fərqli fikirlər səsləndirilir. Ekstremist, radikal, qaragüruh qüvvələr də fəallaşıblar və seçkiyə təsir imkanlarını artırmaq niyyətindədirlər. Ancaq düşünürəm ki, onlar bütün hallarda öz məqsədlərinə nail ola bilməyəcəklər".
Newscenter.az xəbər verir ki, bu fikirləri ictimai-siyasi fəal Anar Salehoğlu gələn ilin fevral ayında ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərini şərh edərkən səsləndirib. Onun sözlərinə görə, reallıq ondan ibarətdir ki, Azərbaycan uğurlu daxili və xarici siyasəti, düşünülmüş addımları, peşəkar ali baş komandanı və rəşadətli ordusu hesabına, öz gücü və qüdrətilə torpaqlarımızı işğaldan azad edib:
"2020-ci ildə baş verən 44 günlük vətən müharibəsindən sonra düşmən və havadarları dalana dirəndilər, öz məğlubiyyətləri ilə barışmaq məcburiyyətində qaldılar. 2023-cü ildə aparılan antiterror əməliyyatlarının nəticəsində isə doğma ata-baba yurdlarımız qeyri-qanuni erməni silahlı birləşmələrinin son tör-töküntülərindən də tamamilə təmizləndi".
"Müasir Azərbaycanın tarixində ilk dəfə prezident seçkiləri bütün ölkə ərazisində keçiriləcək",-deyən Anar Salehoğlu bildirib ki, bu tarixi anları bizə yaşadanları unutmaq olmaz:
"Dahi şəxsiyyət, uzaqgörən siyasətçi, Ulu öndər Heydər Əliyev ömrünün son günlərində Azərbaycan xalqına müraciət edərək İlham Əliyevə özü qədər inandığını, gələcəyinə böyük ümidlər bəslədiyini bildirdi və xalqı ona etimad göstərməyə səslədi. Xalq isə ümummilli liderin səsinə səs verərək 2003-cü ildə gənc, peşəkar, savadlı, intelektual İlham Əliyevi prezident seçdi. Həmin gündən etibarən Azərbaycan tarixində yeni səhifələr açıldı , illər bir - birini əvəz etdikcə yürüdülən uğurlu siyasət məntiqi nəticəsini göstərməyə başladı: Sosial-iqtisadi sahədə yeniliklər özünü göstərdi, təhsil və mədəniyyətin inkişafına diqqət ayrıldı, ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Bütün bunlar "Zəfər Günü"nü yetişdirdi. Proseslər bir-biri ilə əlaqəli, zəncirvari şəkildə irəliləməklə öz işini gördü".
O qeyd edib ki, xalqımız yeni seçkilərə açıq fikir, sağlam təfəkkür, aydın düşüncə və sarsılmaz əqidə ilə qatılmalıdır:
"Pis niyyətli qüvvələrin pıçıltıları, mövqeləri bizi yolumuzdan yayındırmamalıdır. Günümüzdə Azərbaycan xalqı üçün prezident seçkilərində ən məqbul və uğurlu namizəd İlham Əliyevdir. Cənab prezidentin rəhbərliyi ilə hələ ölkəmizdə görüləcək işlər çoxdur. Ulu öndərin yarımçıq qalmış işlərini İlham Əliyev başa çatdırdı, ata vəsiyyətini yerinə yetirdi. Mən əminəm ki, xalqımız İlham Əliyevin işlərini yarıda qoymayacaq və ona yüksək etimad göstərməklə parlaq gələcəyimizə işıq salacaqdır. Seçkilər bitdikdən sonra Azərbaycan davamlı və dayanıqlı inkişaf yolunda böyük uğurlara imza atacaq, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş bir ölkə kimi, bütöv şəkildə irəliləyəcək. Sözsüz ki, bütün bunlar cənab prezident, ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçəcək!".
Anar ƏLİYEV