"Əsirlərin mübadiləsinin həyata keçirilməsi özündə iki mühüm əlaməti ehtiva edir. Birincisi, humanizm baxımından dəyərləndirsək, bu Azərbaycan tərəfindən atılan olduqca xoşməramlı bir addımdır. Belə ki, 2 nəfərə qarşı ölkəmiz 32 nəfər erməni əsilli əsiri öz dövlətinə təhvil vermişdir. Sözsüz ki, burada Azərbaycan vətəndaşlarına verilən dəyər və yüksək qiymət də özünü göstərir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Mütəllim Rəhimli səsləndirib. Onun sözlərinə görə, ikinci vacib məqam ondan ibarətdir ki, əsirlərin dəyişdirilməsində vasitəçilərə müraciət edilməməsi münasibətlərdə yeni yanaşmadır:
"İki ölkə mübahisəli məsələlərin və narazılıq yaradan elementlərin kənar müdaxilə olmadan və vasitəçilərə müraciət edilmədən həllinin mümkünlüyünü göstərdilər. Azərbaycanın bu prosesə töhfəsi daha çox oldu və hesab edirəm ki, qarşı tərəfi inandıra bildi ki, bu yol daha doğrudur. Ona görə də sülh müqaviləsinin hazırlanmasında və imzalanmasında Ermənistan üçüncü tərəfi məsələyə qarışdırmamalıdır".
Mütəllim Rəhimlinin qənaətincə, Ermənistan çox güman əmin oldu ki, bəzi Qərb ölkələrini yanına alaraq nümayiş etdirdiyi danışıq ritorikası doğru deyilmiş:
"Bütün bunlar onu deməyə əsas verir ki, sülh müqaviləsinin imzalanmasında vasitəçilərsiz keçinməyin mümkünlüyü sübut olunub".
S.İsmayılbəyli