Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycana növbəti dəfə böyük etimadın, hörmətin göstərilməsi bizim mühüm siyasi uğurumuzdur

Azərbaycana növbəti dəfə böyük etimadın, hörmətin göstərilməsi bizim mühüm siyasi uğurumuzdur


BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un keçirilməsi üçün postsovet ölkələri arasında məhz Azərbaycanın məkan olaraq seçilməsi heç də təsadüfi hadisə deyil. Bu qərarın qəbul edilməsi bir neçə ciddi səbəblərdən qaynaqlanır. İlk sırada heç şübhəsiz ki, Bakının son illərdə beynəlxalq miqyasda bir çox siyasi, humanitar, elmi, mədəni, idman tədbirlərinə uğurla ev sahibliyi etməsi faktı dayanır. Yəni ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) Bakının ev sahibliyi edəcəyi barədə qəbul edənlər ilk növbədə bu amili nəzərə alıblar. Bəli, Azərbaycan paytaxtının qlobal tədbirlərə ev sahibliyi etmək baxımından böyük təcrübəsi var. Bunu heç kim inkar edə bilməz. Bu mənada Bakının həm müvafiq infrastruktura malik olmaq baxımından, həm də təşkilatçılıq təcrübəsinin zənginliyi etibarilə COP29-un tələblərinə və standartlarına cavab verəcəyi şəksizdir.

Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə, “COP29 beynəlxalq konfransını biz yüksək səviyyədə keçirəcəyik və bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq” fikrini əminliklə səsləndirməsi də ilk növbədə məhz bu amillə bağlıdır. Dövlətimizin başçısı da çıxışında qeyd etdi ki, Azərbaycanda davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir. Ölkəmiz buna layiqdir və biz aparılan səmərəli, düzgün siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq.
COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri sayılır və ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından heç də geri qalmır. Ona görə də Cənab Prezident COP29 beynəlxalq konfransının Azərbaycanda, Bakıda keçirilməsinə dair qərarın qəbul edilməsini haqlı olaraq ölkəmizin növbəti böyük uğura imza atması kimi dəyərləndirdi. Bu, həqiqətən də gənc müstəqil ölkəmiz üçün böyük uğurdur. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarın dünya ölkələri tərəfindən qəbul edilməsi və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimadın, böyük hörmətin göstərilməsi bizim mühüm siyasi uğurumuzdur, diplomatik nailiyyətimizdir.

Biz bu qərarın qəbul edilməsi zamanı dünya birliyinin ölkəmizə qarşı böyük etimadını və yekdil mövqeyini gördük. Belə ki, COP29 konfransının bizim paytaxtımızda keçirilməsi beynəlxalq aləmin üzvlərinin razılığı ilə mümkün oldu. Bu, olduqca önəmli bir nəticədir. Bəzi anti-Azərbaycan qüvvələrin və Fransa kimi ermənipərəst ölkələrin bizə qarşı qaralama kampaniyası apardığı və əsassız ittihamlarla suçladığı bir vaxtda beynəlxalq ictimaiyyətin Azərbaycana etimad göstərməsi və belə bir mötəbər tədbirə ev sahibliyinə namizədliyimizi dəstəkləməsi heç şübhəsiz ki, Azərbaycana beynəlxalq aləmdə olan hörmətin günbəgün artmasının nəticəsidir. Cənab Prezidentin də vurğuladığı kimi biz “artan beynəlxalq hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı”.

Onu da nəzərə almalıyıq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi barədə sözügedən qərar məhz lokal antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunub. Biz bu amili ona görə xüsusi olaraq vurğulayırıq ki, Azərbaycan Ordusunun 19-20 sentyabrda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra bəzi Qərb ölkələrinin, xüsusən də Fransa və ABŞ-ın Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməsi, onların Azərbaycanın qələbəsi ilə barışmaq istəməməsi COP29-un Bakıda keçirilməsini əngəlləyə bilərdi. Lakin dünya ictimaiyyəti isə Fransanın, ABŞ-ın diktəsi ilə yox, sağlam təfəkkürə əsaslanaraq Azərbaycana öz dəstəyini ifadə etdi. Biz böyük siyasi əhəmiyyəti olan bu qərara və belə bir yekdil mövqeyinə görə hamıya öz təşəkkürümüzü bildiririk.

Dünya birliyinin bu qərara imza atması bir daha onu göstərdi ki, bizə qarşı irəli sürülmüş ittihamların heç bir əsası yoxdur. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri həyata keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin edib və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa edib. Beynəlxalq birlik də bu həqiqəti, bu reallığı qəbul edir. Hətta Ermənistan da artıq bu vəziyyətlə barışıb və Ermənistan Respublikasının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləməsi də fikrimizi təsdiqləyir. Bu mənada, Fransada bəzi siyasi liderlərin ermənilərdən daha çox erməni olmağa çalışmasını İlham Əliyev haqlı olaraq qınadı. Onların bu hərəkəti beynəlxalq riyakarlıq kimi, “ikili standartlar” siyasətinin təzahürü kimi qiymətləndirilməlidir.

Birdəki, bir həqiqəti də nəzərə almalıyıq ki, beynəlxalq birlik təkcə 30-40 ölkədən, “Qərb” deyilən ABŞ-dan və Avropa İttifaqından (Aİ) ibarət deyil. Təəssüf ki, bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir. Və onlara elə gəlir ki, istənilən qlobal məsələlərdə məhz onların mövqeyi həlledicidir. Lakin reallıq isə göstərdi ki, onlar çox ciddi şəkildə yanılırlar. Beynəlxalq birlik bir ovuc Qərb ölkələri yox, dünyanın bütün ölkələridir. Ona görə də, Fransa kimi ölkələr bunu istəməsələr də belə, beynəlxalq birlik yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərdi. Və gün gələcək Fransa da bu reallıqla barışmalı olacaq. Rəsmi Paris beynəlxalq hüquqla hesablaşaraq Azərbaycanın mövqeyini qəbul edəcək.

Bizim COP29 beynəlxalq konfransına uğurla ev sahibliyi etməyimiz ölkəmizin, xalqımızın növbəti böyük uğuru olmaqla bərabər, həm də malik olduğumuz potensialı bütün dünyaya göstərəcək. Eyni zamanda imic dəyişiminə də şahidlik edəcəyik. Belə ki, indiyə qədər əsas etibarilə neft-qaz ixracatçısı kimi tanınan Azərbaycan, indi də özünü dünyaya yaşıl enerji ölkəsi kimi təqdim edəcək. Beləliklə, Cənab Prezidentin də söylədiyi kimi, “dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”.
Bu da o deməkdir ki, 20-ci əsrin əvvəllərində özünün neft sənayesi ilə dünyada enerji inqilabına yol açan Azərbaycan, 21-ci əsrin əvvəllərində də COP29-a ev sahibliyi etməklə növbəti enerji inqilabının – yaşıl enerjiyə keçidin önündə gedən ölkələrdən biri olacaq. Necə deyərlər, döyüş alnımıza yazılıb. Birincilik taleyimizdir. Prezidentin müşavirədə açıqladığı kimi COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək və tam iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Bu cür irimiqyaslı beynəlxalq tədbirə ev sahibliyi etmək sözsüz ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq Azərbaycanın bu məsuliyətli işin öhdəsindən ləyaqətlə gələcəyinə əminik.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş