Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəbələdə şəhid ailələri ziyarət olunub

Qəbələdə şəhid ailələri ziyarət olunub


Qəbələ rayonunda "44 Gündə Qızıl Tarix Yazanlar" layihəsi çərçivəsində şəhid hərbi həkim Baş leytenant Ənvərli Aqşin Faiq oğlunun və şəhid Mustafayev Elməddin Məhəmməd oğlunun ailələri ziyarət olunmuşdur.

Newscenter.az xəbər verir ki, görüşlər zamanı layihə rəhbəri Xəyal Məmmədəliyev, üzvlər Elmira İsmayılova, Tural Abdullayev, Pərviz Məmmədov bildirdilər ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz Qarabağı və digər ərazilərimizi işğaldan azad etməklə 30 illik yurd həsrətinə son qoydu və 2020-ci il müstəqil Azərbaycanımızın hərb tarixinə şanlı səhifə kimi yazıldı.

Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında əsl qəhrəmanlıq göstərərək bütün dünyaya sübut etdilər ki, Qarabağ Azərbaycandır! Şəhidlərimizin ailələri şəhidlərə, qazilərə, şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.

Sonra şəhidlərimizn keçdikləri döyüş yolundan, xatirlərindən söhbət açılıb. Hər bir şəhidimizin hələ yeniyetmə yaşlardan milli təəssübkeşliyə, vətənpərvərliyə, mübarizliyə, mərdliyə malik olduqları, səfərbərliklə bağlı cənab Ali Baş Komandanın çağırışına necə sevinclə qoşulduqları vurğulanıb. Qeyd olunub ki, qəhrəman oğullarımızın fədakarlığı dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib. Şəhid hərbi həkim baş leytenant Aqşin Ənvərli Faiq oğlu "Azərbaycan Bayrağı ordeni", "Vətən uğrunda" , "Xocavəndin azad olunmasına görə", Füzulinin azad olunmasına görə", Şəhid Elməddin Mustafayev Məhəmməd oğlu "Vətən uğrunda", "Xocəvəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", " Cəsur döyüşcü" medalları ilə təltif ediliblər.

Sonda bir daha vurğulanıb ki, torpaqlarımızın erməni işğalından azad edilməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdarıq, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyirik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə qürur duyuruq, onları hər zaman yaşatmalıyıq və gələcək nəsillərə tanıtmalıyıq. Qeyd edilib ki, Vətən yolunda canından keçən şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq və onların qanlarıyla azad etdikləri torpaqlarımızı və qələbəmizi göz bəbəyi kimi qoruyacağıq. Şəhidlərimizlə qürur duyduqlarını bildirən "44 Gündə Qızıl Tarix Yazanlar" layihəsinin komanda üzvləri onlara Allahdan rəhmət, ailələrinə səbir diləyiblər.

Anar Əliyev
Xəbəri paylaş