Bütün beynəlxalq tədbirlər iştirakçı dövlətin nüfuzunu müəyyənləşdirir, hər çıxış mövzuya dövlətin mövqeyini göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP 29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə çıxışı da bu baxımdan maraqla dinlənildi. Belə bir mötəbər tədbirin Bakıda keçirilməsi Aərbaycana siyasi etimadın təzahürüdür və onun beynəlxalq nüfuzunun səviyyəsinin göstəricisidir. Bu qərar Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsi ilə nəticələnmiş lokal xarakterli antiterror əməliyyatından sonra qəbul edilib. Dünya dövlətlərinin buna razılıq verməsi Azərbaycanıa dəstək kimi qəbul edilməlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müşavirədə çıxışında dedi: “Antiterror tədbirlərdən sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir”. Bu fikirlər Azərbycanın xarici siyasətinə yönəldilmiş münasibətlərin dəyişdirilməsi tələbi kimi anlaşılmalıdır. Bu tələb təkcə Azərbaycanın deyil, həm də Azərbaycana siyasi ehtiramı olan dövlətlərin dəstəyidir.
Tarix həmişə tarixiliyi ilə dəyərli olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müşavirə iştirakçılarının nəzərinə çatdırdı ki, “İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik. Bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müşavirədə dediyi bu fikirlər Azərbaycan dövlətinin, Azərbaycan dövlətçiliyinin dünyəvi proseslərə münasibətinin səviyyəsi hesab edilməlidir və müşavirə iştirakçıları bu kəlamları belə qəbul etdi...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu mötəbər müşavirədə çıxışı Azərbaycan dövlətinin nüfuzunun səviyyəsinin göstəricisi kimi tarixləşdi və dünya dövlətləri bu tarixlşməyə böyük ehtiram göstərdi...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı