Görünən odur ki, İsrail HƏMAS-la danışıqlar masası arxasında oturmağa çalışsa da, lakin Vaşinqton heç bir halda Yaxın Şırqdə sülh və sabitliyin əldə olunmasını istəmir. Elə buna görə də yalnız və yalnız İsraili qızışdırmaq, onu müharibıyə körükləməklə məşğul olur.
Elə politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. Newscenter.az-ın xəbərinə görə, politoloq deyib ki, Yaxın Şərqdə ABŞ yeni siyasi nizam yaradır:
"Məhz Qəzzada İsrailin HƏMAS-a qarşı əməliyyatının davam etdirilməsi Vaşinqtonun strateji planıdır. Vaşinqton Yaxın Şərqi HƏMAS, Hizbullah və Husilərdən təmizləmək istiqamətində hərbi əməliyyatları planlaşdırırdı.
Birinci olaraq hərbi əməliyyatlar Qəzza zolağında HƏMAS-dan başlanıldı. Ötən gün ABŞ Yəməndə "Husilərə" qarşı hərbi əməliyyatlar keçirəcəyini bəyan etdi. Artıq İsrail də Livanda "Hizbullaha" qarşı quru əməliyyatlar keçirəcəyini vurğulayıb. ABŞ HƏMAS-a qarşı müharibə başlayandan regiona təyyarə daşıyan gəmilər, silahlı birliklər göndərməsi əməliyyat coğrafiyasinı genişləndirəcəyindən xəbər verirdi".
Məhəmməd Əsədullazadə deyib ki, ABŞ-ın əsas strateji hədəfi Yaxın Şərqi tam nəzarəti altına almaq, HƏMAS, Hizbullah və Husiləri sıradan çıxarmaqla Hindistandan başlayan "Baharat" dəhlizinin təhlükəsizliyini təmin etməkdir:
"Qeyd edim ki, ABŞ İranla gizli danışıqlar apararaq regionda proksi qüvvələrə dəstəyini çəkməsini tələb edirdi. Amma, İran bu tələbi rədd etdi. ABŞ-ın yeni hərbi əməliyyatlara başlaması gözlənilir. Əgər, Hizbullahla İsrailin müharibəsi genişlənərsə, ABŞ bu təşkilata qarşı hərbi əməliyyatlara başlaya bilər. Qarşıda üç il ərzində Yaxın Şərqdə hərbi qarşıdurmalar genişlənəcək".
Anar Əliyev