Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzMİU memarlıq ixtisasının bakalavriatla yanaşı, magistratura səviyyəsi üzrə də RİBA akkreditasiyasını əldə edəcəkdir

AzMİU memarlıq ixtisasının bakalavriatla yanaşı, magistratura səviyyəsi üzrə də RİBA akkreditasiyasını əldə edəcəkdir


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində Britaniya Memarlarının Kral İnstitutunda (Royal Institute of British Architects – RİBA) olub. Rektor RİBA-da institutun təhsil və tədris direktoru Jenny Russel və tərəfdaşlıq meneceri Emanuelle Meunier ilə görüşüb.

Newscenter.az xəbər verir ki, görüşdə AzMİU-nun memarlıq ixtisasının RİBA-nın növbəti 5 illik akkreditasiyasını əldə etməsi məsələsi müzakirə olunub. Professor Gülçöhrə Məmmədovanın akkreditasiya müraciətini məmnunluqla qarşılayan Jenny Russel universitetin memarlıq ixtisasının bakalavriat səviyyəsi üzrə 5 illik akkreditasiya təcrübəsini, həmçinin tədrisin təkmilləşdirilməsi istiqamətində əldə olunan uğurları əsas gətirərək magistratura səviyyəsi üzrə də RİBA-nın akkreditasiyasından keçməyi təklif edib. Jenny Russelin təklifi məmnunluqla qəbul edilib və AzMİU ilə RİBA arasında əməkdaşlıq üzrə proqram müəyyən edilib.

Proqrama əsasən, AzMİU-nun memarlıq ixtisasının həm bakalavriat, həm də magistratura səviyyəsi üzrə RİBA-nın Akkreditasiya Komissiyası yaradılacaqdır. Akkreditasiya Komissiyasının növbəti il üçün AzMİU-ya iki dəfə səfəri nəzərdə tutulub.

Görüş zamanı, həmçinin memarlıq ali təhsili üzrə Avropa, xüsusilə Böyük Britaniya təcrübəsi, tədrisdə tətbiq olunan yeniliklər, müasir tendensiyalar və bu istiqamətdə kadr hazırlığı prosesinin qarşısında duran vəzifələr haqqında geniş fikir mübadiləsi aparılıb.

Məlumat üçün bildirək ki, yüksək təhsil səviyyəsi ilə təkcə ölkəmizdə deyil, onun sərhədlərindən uzaqlarda da tanınan AzMİU-nun bakalavriat səviyyəsi üzrə memarlıq ixtisası 2019-cu ildə RİBA-nın 5 illik akkreditasiyasını əldə edib. MDB məkanında RİBA-nın akkreditasiyasından keçən yeganə ali məktəb olan AzMİU bu akkreditasiyadan sonra Kembric, London Memarlar Məktəbi, Qlazqo İncəsənət Məktəbi, eyni zamanda, İspaniya, Fransa, Danimarka, Polşa, Çin, Cənubi Koreyanın memarlıq təhsili verən universitetləri ilə bir sırada dayanır. Akkreditasiya AzMİU-nun tələbələrinə memarlıq ixtisası üzrə yüksək tədris proqramı əsasında təhsil almaq, məzunlarına isə dünya ölkələrində geniş karyera imkanı yaradır.

R.Mehdiyeva
Xəbəri paylaş