"Bu tədbirin Azərbaycanda keçirilməsi artıq qərara alınıb. Fransızlar bizə qarşı bu hərəkətləri ilə heç nəyə nail ola bilməzlər. Adam bu böyüklükdə dövlətin kiçik ambisiyalar məngənəsində çabasının səbəblərini başa düşə bilmir".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov Fransada COP29-un Azərbaycanda keçirilməsinə qarşı başlanan kampaniyanı şərh edərkən səsləndirib. Onun sözlərinə görə, bunlar öz ölkələrini Avropanın saylı dövlətlərindən biri hesab edirlərsə, belə cılız hərəkətlərə görə utanmaları gərəkdi:
"Fransa hökuməti və bütövlükdə fransız camiyəsi Azərbaycanın beynəlxalq siyasi müstəvidə bir-birinin ardınca qazandığı qələbələri, öz torpaqlarında separatizmin kökünü kəsib atmaq qədər şücaətini həzm edə bilmirlər. Fransızlar unutmasınlar ki, bu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi yolunda onların Cənubi Qafqazdakı bacıları olan Ermənistan öz namizədliyini geriyə çəkib. Heç şübhəsiz Fransada yaşayan erməınilər və orada fəaliyyət göstərən erməni lobbisi Paşinyan hökumətinin bu müsabiqədə öz ölkəsinin namizədliyini Azərbaycanın xeyrinə geri çəkməsini ağrılı qəbul ediblər. Bu səbəbdən də Fransada belə bir kampaniya başlatmağa rəvac veriblər. Olsun".
Fikrət Yusifov, "Fransa hökuməti son bir neçə ayda beynəlxalq müstəvidə Azərbaycana qarşı qərəzli qərarların qəbul edilməsi üçün hərəkətə keçib və hər dəfə də uğursuzluqla üzləşib. Bu dəfə də növbəti uğursuzluq onları gözləyir. BMT kimi bir təşkilat bu müraciətin kökündə qərəzin dayandığının fərqində olub belə bir təşəbbüsə heç baxmağı lüzum bilməyəcəkdir",-deyə vurğulayıb.
S.İsmayılbəyli