"Başa çatmaqda olan 2023-cü il ölkəmizdə “Heydər Əiyev ili” kimi tarixə düşmüşdür. İl boyu Ulu Öndərin həyatını, vətən və xalq qarşısındakı xidmətlərini əks etdirən beynəlxalq tədbirlər, elmi-praktiki konfranslar keçirilmiş, təbliğ olunmuşdur. 2023-cü il Azərbaycanın ictimai-siyasi həyatında bir çox əlamətdar hadisələrlə yadda qalmışdır".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev 2023-cü ilin əlamətdar hadisələri barədə danışarkən səsləndirib. Millət vəkili deyib ki, bu hadisələrin başında Laçın nəzarət-buraxılış-məntəqəsinin quraşdırılması, daha sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə üçrəngli bayrağımızı qaldırması və ölkənin bütün ərazisində suverenliyimizin bərpası, hərbi parad durur:
"Bütün müsbət tarixi hadisələrlə yanaşı, bir sıra ağrılı proseslər də , yaddaşlarda həkk olundu. Eyni mərkəzdən idarə olunan və Azərbaycan dövlətini sarsıtmağa hesablanmış qüvvələr tərəfindən Londonda, Parisdə, Beyrutda, Tehranda fəaliyyət göstərən səfirliklərimizə qarşı xaincəsinə hücumlar təşkil edildi. Həmkarımız Fazil Mustafa güllələndi. Sərhədlərimizin tam yaxınlığında iri miqyaslı hərbi kontingent cəmləşdirildi, təlimlər keçirildi. Bölgə yeni müharibə təhlükəsi ilə üzləşdi. Şükürlər olsun ki, cənab Prezidentin müdrik siyasəti nəticəsində, süni şəkildə yaradılmış kataklizmləri adlamaq mümkün oldu".
Nəsib Məhəməliyev bildirib ki, il ərzində iqtisadi sahədə və nəqliyyat-logistika, energetika istiqamətləri üzrə çoxsaylı layihələr həyata keçirildi:
"Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarında infrastruktur layihələri, tikinti-quruculuq, bərpa işləri davam etdirildi. Keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdış prosesinə start verildi. Bütövlükdə 2023-cü ili, müstəqillik tariximizin ən uğurlu illərin biri olaraq, Qələbələr ili kimi qeyd edə bilərik. Ən əsas məsələlərdən biri isə, 2023-cü il, Qarabağda separatçılığın kökünün tamamilə kəsildiyi il kimi tarixə yazıldı".
Millət vəkili, "Xalqımızın 2024-cü ildən gözləntiləri böyükdür. Gələn ilin ən əlamətdar günü, heç şübhəsiz fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri olacaqdır. Tam əminəm ki, Azərbaycan xalqı yekdilliklə, “Dəmir Yumruğun” ətrafında birləşəcək, qələbələrin, uğurların davamına səs verəcəkdir. Ermənistanla sülh müqaviləsi imzalanacaq, kommunikasiyalar açılacaqdır.
Yeri gəlmişkən, qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi və Yeni il münasibətilə xalqımızı təbrik edir, rifah, əmin-amanlıq arzulayıram",-deyə vurğulayıb.
S.İsmayılbəyli