Azərbaycan dünyəvi dövlətdir. Bəşəri ideaların dövlətidir, həm də tolerant dövlətdir. Dünya onu belə tanıyır, bu tanınmanın zəmanəti ilə onunla böyük ehtiramlarla siyasi, iqtisadi, mədəni əlaqələr saxlayır. Dünyanın əksər dövlətləri Azərbaycanın xarici siyasətinin sülhə söykəndiyini etiraf edir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə növbədənkənar prezident seçkiləri keçirilməsini də hüquqi baxımdan düzgün sərəncam kimi dəstəkləyirlər. Bəs onda Azərbaycanda bu mühüm siyasi kampaniyaya qarşı haqsız mövqe nədən yaranıb? AXCP-nin dekabrın 16-da seçkilərlə bağlı boykot çağırışı nəyə yozulmalıdır? Dövlətçiliyə qarşı yönəldilən bu təşəbbüs azərbaycançılıqla bir araya sığmır. Bu, sağlam rəqabətlə də səsləşmir. Belə bir boykotun səsləndirilməsi xarici qüvvələrə xidmətin təzahürü deyilmi? Digər tərəfdən, “boykot” siyasi rəqabət metodu deyil, qərəzli informasiya manipulyasiyaları üçün münbit şərait yaradan siyasi texnologiyadır.
Boykot ehtimalı təxribatlara yol göstərən siyasi hiylədir və belə bir təşəbbüs gücsüzlüyün, səriştəsizliyin, milli-mənəvi dəyərlərə hörmətsizliyin təzahürüdür. Belə bir təşəbbüs hər bir ölkə üçün daxili siyasi sabitliyin pozulması ilə əlaqədar potensial təhdid də yaşada bilər.
Seçkilərdə iştirakın siyasətdə sağlam rəqabətin yeganə legitim vasifəsi olduğunu bu təşəbbüsü irəli sürənlər də bilir. Bunu bilə-bilə boykota səsləyiş dövlətçiliyə xəyanət deyil, bəs nədir?
Boykot niyyəti nəyə xidmət edir? - qərəzli təxribatlar üçün müxtəlif səviyyələrdə informasiya bəhanələri forrmalaşdırmağa, seçkilər ətrafında beynəlxalq informasiya ajiotajı yaratmağa, seçkidən sonrakı dövrdə təxribatları davam etdirmək üçün səbəblər yaratmağa və s.
Növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Həmçinin, növbədənkənar
seçkilərin keçirilməsi qərarından sonra AXCP-nin qurultayının keçirilməsinə icazə verilib, bu məqsədlə Maştağa qəsəbəsindəki Mədəniyyət Mərkəzində şərait yaradılıb. Boyk çağırışı səsləndirənlər unutmasınlar ki, kələklə gələnlər küləklə gedir...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı