“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi barədə qərarın verilməsi təsadüfi deyil. Belə bir qərarın verilməsini şərtləndirən bir sıra amillər mövcuddur. Onların içərisində ən başlıcası Azərbaycanın beynəlxalq tədbirlər, konfranslar və forumlara ev sahibliyi etmək bacarığının olmasıdır”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, Azərbaycan bu günə qədər onlarla beynəlxalq əhəmiyyətli tədbirlərə yüksək səviyyədə evsahiblik edib və həmin tədbirləri yüksək səviyyədə reallaşdırıb:
“İlk növbədə bu amil Azərbaycana etimad göstərilməsi üçün yetərlidir. Digər tərəfdən bu kimi qlobal əhəmiyyətli tədbirlər əsasən ictimai-siyasi cəhətdən sabit olan ölkələrdə keçirilir. Bu göstəriciyə görə də Azərbaycan digər iddiaçı ölkələrdən fərqlənir və siyasi sabitliyi ilə seçilir”.
Arzuman Muradlı onu da deyib ki, Azərbaycanın iqlim dəyişikliyi, qlobal istiləşməyə qarşı mübarizəsi, bu sahədə beynəlxalq təşəbbüslərdə yaxından iştirakı da COP29-un ölkəmizdə keçirilməsinə yol açır. Arzuman Muradlı bu ərəfədə Fransanın COP29 tədbirinin Azərbaycanda keçirilməsi əleyhinə başladığı kampaniyanı da Parisin antiAzərbaycan siyasətinin növbəti təzahürü hesab edib:
“Ümumiyyətlə, Fransa bir qayda olaraq qlobal əhəmiyyətli tədbirlərin Azərbaycanda keçirilməsinə qəbul etmək istəmir. Yaxın tariximizdə baş verən oxşar proseslər belə deməyə əsas verir. Hesab edirəm ki, Fransanın bu dəfəki təşəbbüsü də ciddi qəbul edilməyəcək və Azərbaycan COP29 sessiyasını ən yüksək səviyyədə reallaşdıracaq”.
S.İsmayılbəyli