"Fransanın Azərbaycana qarşı çirkin siyasəti ilə biz, ilk olaraq qarşılaşmırıq. Fransa dəfələrlə Azərbaycana və Türkiyəyə qarşı addımlar atıb və zaman-zaman Ermənistanda hakimiyyətdə olan qüvvələrin, Azərbaycana qarşı separatizmi və işğalçılıq siyasətlərini dəstəkləyib və maliyyələşdirib. Müxtəlif yollarla erməni separatçılarını silahlandıran Fransanın əli hər şeydən üzülsə də, onların İslamofobiya siyasəti davam edir və xüsusilə də sürətlə inkişaf edən müsəlman ölkələri arasında Türkiyə və Azərbaycana qarşı bütün beynəlxalq təşkilatlarda pozuculuq işlərini həyata keçirir".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi Fransada COP29-un sessiyasının Azərbaycanda keçirilməsinə qarşı başlamış kampaniyanın səbəblərinə şərh edərkən səsləndirib. O bildirib ki, BMT -nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının, COP 29-un, gələn il Azərbaycanda keçirilməsi çox ciddi məsələdir və ölkəmizə qarşı etimad məsələsi kimi böyük hadisə hesab olunur:
"Bu hadisə ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması və uğurudur. Görünən odur ki, Fransa hər zaman olduğu kimi indi də bu uğurlu siyasətdən və əldə olunan etimaddan çox narahat olub və yenə də hər zamankı kimi öz rakursdan çıxış etməyə çalışır. Ölkəsində Azərbaycana qarşı çirkin və əsası olmayan kampaniyaya başlayır. Fransanın bütün bu əməlləri faydalı ola bilməyəcək və biz bu dəfə də Fransanı məyus edəcəyik".
Çingiz Şahbazi deyib ki, dünya Azərbaycanın bütün haqlı işlərini dəstəkləyir və ölkəmizdə keçiriləcək COP29-un baş tutmasına heç bir qüvvə maneə törədə bilməyəcəkdir:
"Çünki, bu kimi böyük bir tədbirin məhz Bakıda keçirilməsində dünyanın razılığı oldu və bu möhtəşəm tədbirin arxasında Azərbaycanın sabit və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun aparılan siyasəti dayanır".
Anar Əliyev