"Heydər Əliyev İli" çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun kənarında növbəti ağacəkmə aksiyası keçirilib.
Newscenter.az xəbər verir ki, aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ümumilikdə ətraf mühitin qorunması hissini aşılamaq və ekoloji problemlərə qarşı mübarizəyə səsləməkdir.
Aksiyada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov, İdarə heyətinin sədr müavinləri Əvəz Qocayev və Hüsnü Quliyev, Agentliyin Aparatının rəhbəri İlqar Əhmədov həmçinin Agentliyin digər vəzifəli şəxsləri və əməkdaşları iştirak ediblər.
Tədbir zamanı Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun mühafizə zolağında 3000 ədəd eldar şamı, Bakı Dairəvi I yolunun kənarında isə 1000 ədəd eldar şamı, 1000 ədəd qızılgül və həmişəyaşıl kol bitkiləri əkilib.
Agacəkmə aksiyası eyni zamanda digər respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolaqlarında da keçirilib. Belə ki, cari il ərzində Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi, Bakı-Quba-Rusiya Federasiyası ilə Dövlət sərhədi, Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə Dövlət sərhədi, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yollarının mühafizə zolaqlarında 85 000 ədəd ədəd eldar şamı, iydə, ağcaqayın, akasiya, sərv və digər müxtəlif növ ağac əkilib.
Beləliklə, cari ilin əvvəlindən indiyə qədər Agentliyin Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri tərəfindən respublikanın avtomobil yollarının mühafizə zolaqlarına 100 000 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.
Əkilən ağacların böyük hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-lərinin tinglik sahələrində yetişdirilib.
Qeyd edək ki, avtomobil yollarının təhkim zolağında 2021-2022-ci illərdə 278 658 ədəd, 2023-cü ildə isə 100 000 ədəd, ümumilikdə 631 hektar ərazidə 378 658 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib. Hazırda 19.92 hektar ərazidə yaradılmış 9 tinglik sahəsində 123 863 ədəd ağac və kol bitkisi yetişdirilir.
R.Mehdiyeva