"Prezident İlham Əliyev 2024-cü il fevralın 7-də ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Təbii ki, hazırkı situasiya ətrafında müxtəlif fikirlər irəli sürülür və məlum qərar bir neçə amillə əsaslandırılır. İlk öncə onu qeyd etməkdə fayda var ki, 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi zəfər, ardınca baş verən proseslər, xüsusilə 2023-cü il sentyabrda antiterror tədbiri nəticəsində Qarabağ probleminin tam və qətiyyətlə birdəfəlik həll edilməsi regionda yeni geopolitik reallıqların yaradındığının sübutdur. Əlbəttə Cənubi Qafqaz geosiyasi mübarizənin kəskinləşdiyi nöqtələrdən biri kimi xarakterizə olunur və regionda inkişaf edən proseslərin Azərbaycanın daxili siyasi müstəvisinə təsir etməsi ehtimalı, yaxud da buna cəhdlərin ediləcəyi istisna deyil".
Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə növbədənkənar prezident seçkilərinin keçirilməsi zərurətindən danışarkən səsləndirib. Onun sözlərinə görə, hələ 2021-ci ildə Avropa rəsmiləri ilə görüşən erməni diaspor rəhbərləri bildirmişdilər ki, hazırda Qərb İlham Əliyevin siyasi iradəsinə təsir edə bilmir:
"Əsaslandırma olaraq da ölkə rəhbərinin xalqın 98 faizinin etimadını qazanması göstərilir. Və onlar cənab prezidentin reytinq göstəricisinin 90 faizin altına salınması üçün birgə səy göstərmələrinin vacibliyini vurğulayıblar və bundan sonra onunla danışıqlarda nəyəsə nail olacaqlarına ümid bəsləyiblər. Belə bir məqamda, görünən və görünməyən siyasi proseslər fonunda ölkə başçısının məlum qərarı zamanında atılmış doğru addımdır"
AVP rəsmisi deyib ki, Cənab İlham Əliyev 2024-cü ildə növbəti dəfə xalqın dəstəyini alaraq Azərbaycanın milli hədəfləri istiqamətində strategiyasının növbəti mərhələsini uğurla başlatmaq istəyir.
Süleyman İsmayilbəyli