Ermənistanın baş naziri Nikol Paşinyanın bəzi səlahiyyətləri artırılır.
Newscenter.az "Sputnik Armeniya"ya istinadən bildirir ki, bundan sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbərini prezident deyil, baş nazir təyin edə biləcək. Həmçinin, onu vəzifədən azad etmə səlahiyyəti də baş nazirdə olacaq.
Saytın məlumatına görə, bununla bağlı müvafiq qanun layihəsi parlamentin müdafiə və təhlükəsizlik daimi komissiyasına təqdim ediləcək.
Qeyd edək ki, Ermənistanın mövcud qanunvericiliyinə görə, Milli Təhlükəsizlik Xidməti baş nazirə tabedir, lakin Xidmətin rəhbəri və onun müavinləri prezident tərəfindən vəzifəyə təyin edilir. Dəyişikliklərdən sonra bu funksiya prezidentdən baş nazirə keçəcək.
Anar TAĞIYEV